Azərbaycan və Ermənistan hələ barışıq yolunun başlanğıcındadır.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar “RİA Novosti“yə müsahibəsində bildirib.

“Aydındır ki, biz iki ölkə arasında çətin barışıq yolunun yalnız başlanğıcındayıq. Davamlı nəticələrin əldə edilməsi hər iki tərəfdən vaxt və əhəmiyyətli səylər tələb edəcək”, - rusiyalı diplomat vurğulayıb.

Rusiya XİN rəsmisi qeyd edib ki, Moskva üçtərəfli sazişlərin həyata keçirilməsində Bakı və İrəvana yardımı davam etdirəcək: "Rusiya üçtərəfli sazişlərin həyata keçirilməsi üçün Bakı və İrəvana bütün lazımi yardımı göstərməyə davam etməkdə qərarlıdır. Bütün müvafiq təmaslar, o cümlədən ən ali və yüksək səviyyələrdə, müvafiq qurumlar və sülhməramlıların komandanlığı xətti ilə müntəzəm xarakter daşıyır”.

Onun sözlərinə görə, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin növbəti üçtərəfli görüşünün keçirilməsi ilə bağlı qərar qəbul olunarsa, Kremlin mətbuat xidməti vasitəsilə müvafiq açıqlama veriləcək.

.