Azərbaycan Rusiyanın Cənubi Qafqazda və Xəzər regionunda mühüm tərəfdaşı və müttəfiqidir. Ölkələrimiz arasında münasibətlər dostluq və mehriban qonşuluq ənənələri ruhunda yüksələn xətlə inkişaf edir. Gündəlik birgə iş bərabərlik, qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması prinsipləri əsasında qurulur.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nazir Sergey Lavrovun Azərbaycana işgüzar səfəri öncəsi yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, hazırda iki ölkə arasında 150-dən çox beynəlxalq hüquqi akt bağlanıb.

“Bu ilin fevralın 22-də Moskvada Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin ən yüksək səviyyədə imzalanması iki ölkə arasında münasibətlərdə əlamətdar hadisə oldu. Bu sənəd xarici siyasətin əlaqələndirilməsinin və hərbi-siyasi əməkdaşlığın gücləndirilməsini, beynəlxalq terrorizmə qarşı mübarizədə səylərin birləşdirilməsini, iqtisadi əməkdaşlığın qurulmasını və humanitar sahədə dialoqun genişləndirilməsini nəzərdə tutur.

Diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü (4 aprel) ilində Rusiya-Azərbaycan münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə qalxması çox rəmzidir.

Rusiya ilə Azərbaycan arasında ticarət-iqtisadi əlaqələr möhkəmlənir”, - qeyd olunub.

Bildirilib ki, 2024-cü ilə qədər Rusiya-Azərbaycan əməkdaşlığının əsas istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planı ardıcıl olaraq həyata keçirilir, o cümlədən altı yol xəritəsi (ticarət, nəqliyyat infrastrukturu, yüksək texnologiyalı sənayelər, iqtisadiyyatın səmərəliliyinin artırılması, turizm, əməkdaşlıq innovativ inkişaf və rəqəmsal texnologiyalar sahəsində).

“Bu il aprelin 25-26-da Bakıda keçirilən Rusiya və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 20-ci yubiley iclası çox uğurlu olub.

Rusiya-Azərbaycan regionlararası əməkdaşlığının əhəmiyyəti artır. Bu işə Rusiya Federasiyasının 70-dən çox subyekti cəlb olunub. Onlardan 18-i Azərbaycanla ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında müqavilə bağlayıb.

Rusiya-Azərbaycan regionlararası forumları ənənəvi olaraq bu sahədə birgə işlərə mühüm töhfə verir. 11-ci forumun bu il Bakıda keçirilməsi gözlənilir. Onların keçirilməsi praktikası davam edəcək”, - Rusiya XİN-in məlumatında bildirilib.

Rusiya XİN: Humanitar təmaslar Bakı ilə İrəvan arasında etimadın möhkəmlənməsinə töhfə verir

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına kömək etmək Rusiyanın xarici siyasət prioritetlərindən biridir.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Sergey Lavrovun Azərbaycana işgüzar səfəri ilə bağlı yaydığı məlumatda bildirilib.

“Rusiyanın xarici siyasət prioritetlərindən biri 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli razılaşmalara uyğun olaraq Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına kömək etməkdir.

Biz bunu Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsi, Bakı ilə İrəvan arasında etimadın və tam hüquqlu əməkdaşlığın bərpası üçün əsas şərt kimi görürük.

Rusiya sülhməramlı kontingenti atəşkəs rejiminə əməl olunmasına etibarlı şəkildə nəzarət edir və öz məsuliyyət zonasında təhlükəsizliyin qorunmasına töhfə verir. Sülhməramlılar qaçqınların qayıtmasına, dinc həyatın bərqərar olmasına kömək edir, ərazilərin minalardan təmizlənməsinə, hərbi əsirlərin və saxlanılan şəxslərin mübadiləsinə vasitəçilik edir.

Rusiyanın səylərinin ən mühüm istiqaməti regionda nəqliyyat kommunikasiyalarının və iqtisadi əlaqələrin açılmasıdır. Azərbaycan və Ermənistandan olan tərəfdaşlar ilə birlikdə Baş nazirin müavinlərinin həmsədrlik etdiyi Üçtərəfli İşçi Qrupu çərçivəsində biz dəmir yolu və avtomobil əlaqələrinin yaradılmasına imkan verəcək və əlaqələrin bərpasını stimullaşdıracaq konkret infrastruktur layihələri paketinin razılaşdırılması üzərində işləyirik.

Biz Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın bu ilin mayın 24-də keçirilən ilk görüşünü alqışlayırıq. Delimitasiya prosesinin başlanması sərhəd insidentlərinin qarşısının alınmasına, dövlətlərarası sərhəd xəttinin demarkasiyası nəticəsində Azərbaycan və Ermənistan arasında mehriban qonşuluq münasibətlərinin qurulmasına töhfə vermək məqsədi daşıyır. Rusiya tərəflərin sorğusu ilə lazımi məsləhətçi yardımı göstərəcək.

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması münasibətlərin əsas prinsiplərinin möhkəmləndirilməsi, uzunmüddətli perspektivdə qarşılıqlı faydalı əməkdaşlığın əsaslarının qoyulması məqsədi daşıyır. Rusiya Cənubi Qafqazda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi maraqları naminə bu çətin, lakin son dərəcə vacib prosesə hər cür kömək edəcək.

Humanitar sahədə təmaslar Bakı ilə İrəvan arasında etimadın möhkəmlənməsinə töhfə verir. Rusiya tərəfi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına yönəlmiş vətəndaş cəmiyyəti və ekspert dairələri vasitəsilə dialoqu dəstəkləməyi davam etdirəcək.

Biz qarşıdan gələn səfəri etimadlı Rusiya-Azərbaycan siyasi dialoqunun davam etdirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi kontekstində qiymətləndiririk”, - Rusiya XİN bildirib.

.