Rusiya xarici ölkələrdəki hərbi bazalarının sayını artırmağa hazırlaşır və bu məqsədlə bir neçə ölkə ilə danışıqlar aparır.
Yenizaman.az xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu Moskvada keçirdiyi mətbuat konfransında məlumat verib.
Nazir bildirib ki, Rusiyanın Vyetnam, Kuba, Venesuela, Nikaraqua, Seyşel adaları və Sinqapurda hərbi baza açmaq planları var.
"Biz xaricdəki hərbi bazaların sayını artırmaq niyyətindəyik. Vyetnam və Kuba ilə yanaşı biz Venesuela, Nikaraqua, Seyşel adaları, Sinqapur və digər ölkələrdə də baza açmağı nəzərdə tuturuq” - deyə Şoyqu bildirib.
Nazir deyib ki, hazırda danışıqlar təkcə hərbi bazaların açılması istiqamətində deyil, eyni zamanda həmin ölkələrin limanlarına Rusiya hərbi gəmilərinin yan alması üçün şərtlərin müəyyən edilməsi, o cümlədən strateji aviasiyanın yanacaq doldurması üçün aeroportların ayrılması istiqamətində gedir.
"Biz aviasiyadan fəal istifadə edirik. Lakin fəal şəkildə uça bilmək üçün yanacaqdoldurma bazaları lazımdır. Bizə lazımdır ki, İL-78 yanacaqdolduran təyyarələrimiz strateji aviasiyanı ya ekvatorda, ya digər yerlərdə gözləyə bilsin” - deyə Şoyqu bildirib.
Rusiya müdafiə naziri deyib ki, Qırğızıstandakı "Kant” aviabazasında rezerv qüvvələr, o cümlədən vertolyotlar və desant yerləşdirilib. Belarusda isə bu il Rusiyanın aviasiya polkunun yerləşdirilməsi planlaşdırılır.
Analitiklərin qənaətinə görə, Rusiyanın xarici ölkələrdə, o cümlədən uzaq xaricdə hərbi bazalar açmaq barədə hazırladığı ambisiyalı planlar "soyuq müharibə” dövründə olduğu kimi ABŞ-a qarşı güc nümayişi məqsədi daşıyır. Belə ki, Rusiyanın hərbi bazalar yerləşdirmək istədiyi ölkələrin bəziləri ABŞ-ın "burnunun ucunda”dır.
Hazırda dünya okeanında və strateji aviasiyada əsas güc sahibi birmənalı olaraq Amerikadır. Rusiya ABŞ-dan fərqli olaraq dünya okeanında hegemonluq edən təyyarədaşıyan gəmilərə malik deyil. Eləcə də ABŞ-ın malik olduğu B-2 strateji bombardmançı təyyarələri dünyanın istənilən nöqtəsinə zərbə endirmək, o cümlədən nüvə bombası atmaq imkanındadır.
Rusiya "soyuq müharibə”dəki acı məğlubiyyətin əvəzini çıxmaq üçün son illər öz ordusunu yeni silahlarla təchiz etməyə çalışır. Uzun illər boyu davam edən durğunluqdan sonra Rusiya hərbi donanması dünya okeanında üzməyə başlayıb. Habelə Rusiyanın strateji bombardmançı aviasiyası ABŞ və onun Avropadakı müttəfiqlərinin, habelə Yaponiyanın hava sərhədləri yaxınlığında uçuşlar keçirir.
Putin ABŞ-ın son bir neçə ildə hərbi xərclərini kəskin şəkildə azaltmasından, prezident Barak Obamanın Birləşmiş Ştatların dünyadakı hegemonluğunu saxlamaqda o qədər də maraqlı olmayıb əsasən daxili problemlərə yönəlməsini Rusiyanın yenidən supergücə çevrilməsi üçün fürsət kimi görür.
Rusiya ABŞ-dan fərqli olaraq hərbi xərclərini artırır, keçmiş sovet respublikalarını Avrasiya İttifaqı çətiri altında toplamağa böyük qüvvə sərf edir və Qərb qarşısında itirdiyi mövqeləri bərpa etmək üçün digər aqressiv addımlar atır.
.
