ABŞ dövlət katibi Marko Rubio hesab edir ki, Ukraynada münaqişənin sülh yolu ilə nizamlanması üçün yeni ideyalar və konsepsiyalar tələb olunacaq, çünki əvvəllər təklif edilən variantlar Kiyev üçün qəbuledilməz olaraq qalır.
Yenizaman-ın "The Guardian"a istinadən verdiyi məlumata görə, o, bunu Rusiya-Ukrayna müharibəsinin dayandırılması perspektivlərini şərh edərkən bildirib.
"Ukraynada müharibəyə son qoyulması haqqında razılaşmanın əldə olunması üçün "yeni ideyalar" tələb olunacaq, çünki indiyə qədər irəli sürülən təkliflər həmin vaxt Ukrayna üçün məqbul deyildi. Hesab edirəm ki, bu indi də onlar üçün qəbuledilməz olacaq", - o qeyd edib.
Rubio qeyd edib ki, Vaşinqton danışıqlar prosesi üçün müvafiq şərtlərin mövcud olduğu təqdirdə münaqişənin sülh yolu ilə nizamlanmasına dair yeni yanaşmaların axtarışına kömək etməyə hazırdır.
"Əgər sülh bərqərar olacaqsa, bu, hansısa yeni ideyalar və konsepsiyalar sayəsində baş verəcək və biz imkan yaranarsa və müvafiq şərait yaradılarsa, onların bəzilərini uyğun mühitdə və formada təklif etməyə hazırıq. Biz bu rolu müsbət şəkildə oynamağa hazırıq", - ABŞ dövlət katibi əlavə edib.
Rubio hesab edir ki, böhrana son qoymaq üçün həm Rusiyanın, həm də Ukraynanın stimulu olmalıdır.
"Çətinlik də elə bundadır. Çətinlik hər iki tərəfin qəbul edə biləcəyi sonluqdadır. Biz nəticə verəcək o "qızıl ortanı" tapmağa çalışmışıq və bundan sonra da çalışacağıq", - Rubio vurğulayıb.
.
