Tehran Hörmüz boğazında gəmiçiliyi və nüvə proqramını əhatə edən razılaşma bağlamaq istəyir.

Bunu “Fox News” telekanalına müsahibəsində ABŞ dövlət katibi Marko Rubio bildirib.

Marko Rubio deyib ki, İran raketlər vasitəsilə ənənəvi müdafiə qalxanı yaratmışdı: “Onların hələ də raketləri var, hələ də pilotsuz uçuş aparatları var və zərbə endirmək imkanlarını saxlayırlar. Lakin artıq arxasında gizlənə biləcəkləri ənənəvi müdafiə qalxanları yoxdur. Məhz buna görə indi onlar nüvəsizləşdirmə ilə bağlı razılaşma bağlamaq, həmçinin Hörmüz boğazı ilə bağlı saziş əldə etmək istəyirlər, hətta buna can atırlar. Çünki biz artıq güc mövqeyindən çıxış edirik”.

Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı müharibəyə başlayıb. İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda döyüş əməliyyatlarının dərhal dayandırılmasını nəzərdə tutan qarşılıqlı anlaşma memorandumu imzalayıblar.

Lakin iyulun 8-nə keçən gecə ABŞ İranı Hörmüz boğazı ilə bağlı əldə olunmuş razılaşmanın şərtlərini pozmaqda ittiham edərək bu ölkəyə qarşı zərbələri yenidən bərpa edib.

Donald Tramp bu gün İrana növbəti hücumu ləğv etdiyini açıqlayıb.

.