İran yaxın həftələr ərzində Çində istehsal olunmuş portativ zenit-raket komplekslərinin ilk partiyasını alacaq.
Bu barədə “Reuters“ agentliyi mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ-la müharibə fonunda hava hücumundan müdafiə imkanlarını bərpa etməyə çalışan Tehran ümumilikdə 400-ə qədər Çin istehsalı olan daşınan zenit-raket kompleksinin alınmasını planlaşdırır.
Bildirilib ki, dəyəri 60–70 milyon ABŞ dolları olan bu müqavilə İranın ABŞ və İsraillə müharibə başlayandan bəri qısamənzilli hava hücumundan müdafiə sistemlərini gücləndirmək istiqamətində həyata keçirdiyi ən iri layihələrdən biridir. Müharibə İranın hərbi obyektlərini və strateji infrastrukturunu qorumaq imkanlarında ciddi çatışmazlıqların olduğunu üzə çıxarıb.
Mənbələrin sözlərinə görə, müqavilə 400-ə yaxın daşınan zenit-raket kompleksinin, o cümlədən Çin istehsalı olan QW-12 və FN-16 raket sistemlərinin tədarükünü nəzərdə tutur.
Bildirilir ki, razılaşma Honq-Konqda yerləşən Zhongqing Baoshang International Investment şirkəti ilə imzalanıb. Mənbələrin iddiasına görə, bu şirkət İran tərəfi ilə Çin tədarükçüsü arasında vasitəçi rolunu oynayıb.
.
