Qazaxıstan Xarici İşlər Nazirliyi iyulun 17 və 19-da Xəzər Boru Kəməri Konsorsiumu vasitəsilə daşınan neftin yükləndiyi tankerlərə Qara dənizdə pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumları qətiyyətlə pisləyib.
Bəyanatda Qazaxıstanın bu cür hücumların dərhal dayandırılmasını tələb etdiyini bildirilib.
Qeyd olunub ki, bu hücumlar ölkənin iqtisadi maraqlarına yolverilməz qəsd, eyni zamanda qanuni beynəlxalq ticarətin qəsdən sabitsizləşdirilməsinə yönəlmiş addımlar kimi qiymətləndirilir: “Xüsusi narahatlıq doğuran məqam ondan ibarətdir ki, Qara dəniz akvatoriyasına Xəzər Boru Kəməri Konsorsiumunun terminallarına neft yükləmək məqsədilə daxil olan mülki gəmilər barədə məlumat mübadiləsinin bütün maraqlı tərəflər tərəfindən əvvəlcədən razılaşdırılmış mexanizmi qəsdən nəzərə alınmayıb. Bu isə mülki gəmilərin heyətinin həyatını və təhlükəsizliyini risk altına qoyub. Hazırda Qazaxıstan dəymiş zərəri qiymətləndirir. Qiymətləndirmənin nəticələrindən sonra ölkə beynəlxalq hüquqda nəzərdə tutulmuş bütün müdafiə mexanizmlərindən istifadə etmək, o cümlədən vurulmuş zərərin ödənilməsi ilə bağlı tələblər irəli sürmək hüququnu özündə saxlayır”.
.
