Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, Aztelekom MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, Birliyin sabiq baş mühasibi Anar Mustafayev, AzİnTelekom MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, Azərpoçt MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, Optik Rabitə, Tikinti və Quraşdırma MMC-nin baş mühasibi Səhrab Hümbətov, Rabitə Mülki Tikinti MMC-nin direktoru Emin Məmmədov, Aztelekom MMC-nin baş mühasibi Oqtay Rüstəmov, Təmir Təchizat Servis MMC-nin direktoru Bayram Vəliyev və Optik Qurğular İdarəsinin sabiq rəisi Namazalı Məmmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə son söz deyən təqsirləndirilən şəxs V.Zeynalov ittihamları qəbul etməyib. O bildirib ki, işlədiyi vaxt dövlətə xidmət edib.

Digər təqsirləndirilən şəxs M.Məmmədov isə özü ilə yanaşı, digər təqsirləndirilən şəxslərin rabitə sahəsində mühüm işlər gördüyünü, amma bununla yanaşı, səhvlərinin də olduğunu etiraf edib: "Düzdür, səhvlərimiz olub. Amma sizdən barəmizdə ədalətli qərar çıxarmağınızı xahiş edirəm".

Təqsirləndirilən B.Hüseynov da səhvlərinin olduğunu bildirib. O qeyd edib ki, bizi cinayətkar kimi təqdim edirlər: "Buna təəssüf edirəm. Səhvlərimiz olub, amma sizdən barəmizdə ədalətli qərar verməyinizi xahiş edirəm".

Digər təqsirləndirilən şəxslər son söz üçün məhkəmədən vaxt istəyiblər.

Proses iyulun 25-də davam etdiriləcək.
.