"Şimal axını-2" boru kəməri qazla doldurulur və yaxın günlərdə istifadəyə verilməsi üçün hazır olacaq.

Rusiya mətbuatı verdiyi məlumata görə, bunu ölkənin Baş nazirinin müavini Aleksandr Novak deyib.

Onun sözlərinə görə, qaz kəmərinin işləməsi ilə bağlı gələcək vəziyyət Avropa tənzimləyicisindən asılıdır.

"İndi istismar-sazlama və boru kəmərinin lazımi texnoloji miqdarda qazla doldurulması işləri davam edir. Hesab edirəm ki, yaxın günlərdə kəmər istismara verilməsi üçün hazır olacaq", - A. Novak qeyd edib.

Baş nazirin müavini həmçinin bildirib ki, Rusiya 2021-ci ilin sonunadək qaz hasilatı üzrə rekord vura bilər. Novak qeyd edib ki, Avropa Rusiya hökumətinə əlavə qaz tədarükü üçün rəsmi müraciət etməyib və "Qazprom" hazırda bütün müqavilələr üzrə öhdəliklərini tam yerinə yetirir.

"Şimal axını-2" boru kəmərinin qazla doldurulmasına oktyabrın əvvəlində başlanılıb. Lakin tədarükə başlamaq üçün "Nord Stream 2 AG" şirkəti müstəqil operator kimi sertifikatlaşması lazımdır ki, bu da 2022-ci ilin yazına qədər uzana bilər.

"Şimal axını-2" layihəsi Rusiya sahillərindən Baltik dənizi ilə Almaniyaya qədər, illik gücü 55 mlrd. kubmetr olan iki qaz xəttinin inşasını nəzərdə tutur. "Qazprom" kəməri bu ilin sonuna istismara vermək niyyətindədir. Şirkətin məlumatına görə, "Şimal axını-2" kəməri ilə cari ildə 5,6 mlrd. kubmetr qaz nəqli oluna bilər.

.