Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın müharibədə qələbə qazana biləcəyinə ABŞ-ni inandıra bildiyini bəyan edib.
Bu barədə "Politico" məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ Prezidenti Donald Trampla görüşdən sonra Zelenski Vaşinqtonu yüksək əhvali-ruhiyyədə tərk edib. ABŞ Senatının Rusiya neftini alan ölkələrə qarşı yeni sanksiyaların tətbiq edilməsi barədə qanun layihəsini təsdiqləməsi Ukrayna tərəfi üçün əlavə uğur olub.
Senator Mayk Raundz bildirib ki, yeni məhdudiyyətlər Rusiyaya təzyiqi artırmaq və Prezident Vladimir Putini danışıqlara sövq etmək məqsədi daşıyır.
Qeyd edilib ki, Zelenski özü sanksiyaların Ukraynanın döyüş meydanındakı uğurlarını möhkəmləndirməyə və sülh danışıqlarını yaxınlaşdırmağa kömək edəcəyini vurğulayıb, eyni zamanda o, tərəfdaşları yenidən əsas silah sistemlərinin tədarükünü genişləndirməyə çağırıb.
"Politico" həmçinin qeyd edir ki, ABŞ siyasi isteblişmentində Ukraynanın müharibədə uğur qazana biləcəyi barədə fikirlər güclənir. Senator Con Buzmanın sözlərinə görə, əhvali-ruhiyyənin dəyişməsi Ukrayna qüvvələrinin cəbhədəki son uğurları ilə bağlıdır.
"Hazırda Tramp və Zelenski arasındakı münasibətlər bir il əvvəlkindən əhəmiyyətli dərəcədə fərqlənir", - Tramp administrasiyasının keçmiş məmuru bildirib.
Nəşr həmçinin 2025-ci illə müqayisədə Zelenski və Tramp arasındakı münasibətlərin dəyişməsinə, eləcə də mühafizəkar MAGA hərəkatının bəzi nümayəndələri tərəfindən Ukraynaya artan dəstəyə diqqət çəkib.
.
