"Fitch Ratings" beynəlxalq reytinq agentliyi SOCAR-ın emitentin uzunmüddətli və qısamüddətli defolt reytinqlərini "BB+" və "B" səviyyəsində təsdiqləyib, reytinq üzrə proqnozu isə "mənfi" saxlayıb.

 "Fitch" verdiyi məlumata görə, şirkətin təmin olunmamış üstün hüquqa malik reytinqi "BB+" səviyyəsində təsdiqlənib. Avtonom kredit ödəmə qabiliyyəti reytinqi isə "b+" səviyyəsində qiymətləndirilir və eyni zamanda, reytinqin bu səviyyə ilə məhdudlaşması SOCAR-ın yüksək levereci ilə bağlı olduğu bildirilir.

Agentlik qeyd edir ki, SOCAR tamamilə dövlətə məxsusdur və reytinqi Azərbaycanla bərabərləşdirilib. Bunun əsasını şirkətə maliyyə zəmanətləri, nağd vəsait, kapital qoyuluşu şəklində verilən dövlət dəstəyi, həmçinin SOCAR-ın sosial funksiyaları və neft və qaz layihələrinin inkişafında dövlətin əsas lokomotivi kimi əhəmiyyəti təşkil edir.

"Fitch": 2021-2023-cü illərdə SOCAR-ın kapital qoyuluşları 9 mlrd. manat təşkil edəcək

"Fitch Ratings" beynəlxalq reytinq agentliyinin proqnozlarına əsasən, 2021-2023-cü illərdə SOCAR-ın ümumi kapital qoyuluşları 9 mlrd. manat təşkil edəcək.

Agentliyin verdiyi məlumata görə, şirkətin "upstream" seqmentində hasilatının həcminin sabit səviyyədə qalacağı gözlənilir. "Fitch"ə görə neft şirkətinin gəlirliliyi 2019-cu ildə neftin qiymətinin 20 dollar səviyyəsində olanda, sağlam sayılırdı və hazırda SOCAR üçün kəşfiyyat və hasilat seqmenti ("upstream segment") şirkətin mənfəətinin əsas drayveridir.

Agentlik qeyd edir ki, 2020-ci ilin birinci yarısında SOCAR-ın nəticələri agentliyin gözləntilərindən daha yaxşı olub. Agentliyin qiymətləndirmələrinə görə, 2020-ci ildə SOCAR-ın EBITDA-sı (faiz, vergi və amortizasiya hesablanmazdan əvvəlki mənfəət) 2019-cu il ilə müqayisədə orta səviyyədə azalacaq və 2021-ci ildə neftin qiymətinin daha yüksək olması və cari ilin yanvar ayından yanacağın qiymətinin bahalaşması fonunda bərpa olunacaq.

"31 dekabr 2020-ci il tarixinə olan vəziyyətə görə, vəsait qalıqları və mənimsənməmiş kredit xətləri daxil olmaqla SOCAR-ın likvidliyi təxminən 8 mlrd. manata yaxın olub", - agentliyin məlumatında deyilir.

Qeyd edək ki, "Fitch"in proqnozuna görə, "Brent" markalı neftin bir barelinin qiyməti 2021-ci ildə 58 dollar, 2022-ci ildə isə 53 dollar təşkil edəcək. Əlavə olaraq agentlik manatın ABŞ dollarına qarşı məzənnəsinin 2023-cü ilədək 1,7 manat səviyyəsində qalacağını güman edir.

.