"Euronews" telekanalı Azərbaycanın 44 günlük Vətən müharibəsində Zəfərin 5-ci ildönümü münasibətilə Bakıda Azadlıq meydanında keçirilən hərbi parada həsr olunmuş reportaj hazırlayıb.
Materiallarda vurğulanır ki, bu qələbə ilə Bakı onilliklərlə davam edən qanlı münaqişənin faciəvi səhifəsini bağlayıb və sülhün yeni səhifəsinə qədəm qoyub.
Reportajda Azərbaycan Prezidenti İlham Əliyevin paradda səsləndirdiyi bəyanatlara xüsusi yer verilib. Qeyd olunur ki, qələbə strateji iqtisadi və hərbi nailiyyətlərin nəticəsi olub və Qarabağın bərpasını şərtləndirib.
Azərbaycan Prezidenti, həmçinin münaqişə zamanı dəstəyə görə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana və Pakistanın Baş naziri Şahbaz Şərifə təşəkkürünü bildirib. O qeyd edib ki, Paradda ilk dəfə Pakistan hərbçiləri də iştirak edib.
"Bu, üç ölkənin - Azərbaycan, Türkiyə, Pakistan xalqlarının, ordularının birliyinin təzahürüdür", – materialda Azərbaycan liderinin sözləri sitat gətirilib.
Türkiyə Prezidenti isə öz növbəsində bəyan edib ki, Vətən müharibəsi Asiyada və Avropadakı geosiyasi balansı da dəyişib və bölgə üçün yeni bir dövrün qapılarını açıb:
"Biz nə kin saxlayarıq, nə də keçmişdəki zülmlərin yenidən yaşanmasına izn verərik. Beləliklə, bu Zəfəri bir son olaraq deyil, Qafqazda davamlı sülhə gedən yolun məhək daşı olaraq görürük. Qafqazda sülhün bərqərar olmasının Asiyadan Avropaya qədər bütün bölgənin rifahına xidmət edəcəyi qənaətindəyik".

Materialın müəllifləri, eyni zamanda Prezident İlham Əliyevin noyabrın 6-da Bakıda NATO-nun nümayəndə heyəti ilə görüşünə diqqət çəkirlər. Görüş zamanı dövlət başçısı Azərbaycan Ordusunun NATO standartlarına uyğunlaşdırıldığını və bu çərçivədə Türkiyə ordusu ilə sıx əməkdaşlığı vurğulayıb.
"Prezident İlham Əliyev Azərbaycanın ötən əsrin əvvəllərində müstəqilliyini qazandıqdan bəri əsas məqsədinə çatdığını - torpaqların işğaldan azad olunduğunu vurğulayaraq qeyd edib ki, ordunun müasirləşdirilməsi prosesi bundan sonra da davam edəcək", - "Euronews" qeyd edib.
Telekanal xatırladıb ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri ikitərəfli əlaqələrin bərpasına yönəlmiş mühüm sənəd imzalayıblar.
"Ağ Ev bəyan edib ki, razılaşma çərçivəsində ABŞ, həmçinin "Beynəlxalq Sülh və Rifah üçün Tramp marşrutu" və ya TRIPP adlandırılacaq tranzit dəhlizinin inşasına yardım edəcək. Bakı üçün dəhliz Naxçıvan Muxtar Respublikası ilə birbaşa quru əlaqəsi təmin edir, Türkiyə ilə əlaqələri gücləndirir və infrastruktur diplomatiyası vasitəsilə müharibədən sonrakı nailiyyətləri möhkəmləndirir. Bu, həmçinin Azərbaycanın dünyanın ən mühüm nəqliyyat-logistika qovşağı kimi mövqeyini gücləndirir", - materialda vurğulanıb.
.
