Azərbaycan Qırğızıstanda parlament seçkilərini izləmək üçün 25 müşahidəçi göndərib.

Qırğızıstan Mərkəzi Seçki Komissiyasına (MSK) xəbər verir ki, bunu Azərbaycan MSK-nın sədri Məzahir Pənahov qırğız həmkarı Tınçtık Şaynazarovla görüşdə deyib.

"Görüş zamanı tərəflər Qırğızıstanda yeni seçki sistemi əsasında keçiriləcək növbədənkənar parlament seçkilərinə hazırlığı müzakirə ediblər. M.Pənahov bildirib ki, parlament seçkilərini müşahidə etmək üçün Azərbaycandan 25 müşahidəçi gələcək. Onlar MDB, MDB Parlamentlərarası Assambleyası, Türk Dövlətləri Təşkilatı, TürkPA, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT Parlament Assambleyası, AŞPA missiyaları çərçivəsində, eləcə də ikitərəfli əsasda və səfirliyin xətti ilə formalaşdırılmış heyətlərin tərkibində təmsil olunacaqlar", - məlumatda deyilir.

M.Pənahov həmçinin iki ölkənin seçki komissiyaları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə ümidvar olduğunu bildirib və qarşıdan gələn seçkilərin uğurla keçirilməsini arzu edib.

Qeyd edək ki, Qırğızıstanda növbədənkənar parlament seçkiləri noyabrın 30-da keçiriləcək.

.