Qırğızıstan artıq bəyan edib ki, mayda Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumunda (WUF13) iştirak ən yüksək səviyyədə olacaq.
Bunu APA-ya müsahibəsində Qırğız Respublikasının Azərbaycandakı səfiri Maksat Mamıtkanov deyib.
Səfirin sözlərinə görə, hazırda Qırğız Respublikasının Prezidenti Sadır Japarovun WUF13-də iştirakı üçün səfər hazırlıqları aparılır.
“Bu platforma bizim ölkə üçün vacibdir, çünki Qırğızıstanda son beş ilin islahatlarının nəticəsi olaraq böyük iqtisadi dəyişikliklər və geniş tikinti bumu yaşanır. Tikinti sektoru rekordlar qırır. Ölkədə işçi qüvvəsi, armatur və sement çatışmır. Ölkəmiz müasir urbanistika, memarlıq, köhnə şəhərlərin müasir reallıqlara uyğun yenilənməsi, xüsusilə ekologiyanın, vətəndaşların həyat və sağlamlığının qorunması sahəsində beynəlxalq təcrübənin tətbiqində maraqlıdır. Buna görə Bakıdakı forum bizim üçün çox vacibdir”, - diplomat qeyd edib.
.
