Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Avropa İttifaqı (Aİ) Şurasının sədri Antonio Koşta və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən üçtərəfli işgüzar şam yeməyində Aİ və Türkiyə arasında ikitərəfli münasibətlərdən regional proseslərə qədər geniş spektrli məsələləri müzakirə ediblər.

Bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsi Olof Qill Brüsseldə keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, danışıqlara Aİ ilə Türkiyə arasında müdafiə, miqrasiya və mobillik, ticarət və sənaye siyasəti sahələrindəki əməkdaşlıq məsələləri daxil olub.

"Kipr ətrafındakı vəziyyət, Ukraynadakı müharibə, Cənubi Qafqazdakı münasibətlər və vəziyyət, həmçinin Yaxın Şərqdə hadisələrin inkişafı da daxil olmaqla, geosiyasi məsələlərə xüsusi diqqət yetirildi", - Avropa Komissiyasının nümayəndəsi bildirib.

Kipr mövzusunu şərh edən Qill xatırladıb ki, Aİ BMT-nin himayəsi altındakı proses çərçivəsində Kipr məsələsinin həllini irəlilətmək üçün "yenidən canlanan impulsdan" istifadə etməyi zəruri hesab edir. Bununla yanaşı, o, Ərdoğanın reaksiyası barədə danışmaqdan imtina edərək, bu sualın Türkiyə tərəfinə ünvanlanmalı olduğunu qeyd edib.

Görüşdən sonra Avropa İttifaqı Şurasının sədri Antonio Koşta Aİ və Türkiyənin strateji tərəfdaş olduqlarını və münasibətləri möhkəmləndirmək niyyətində olduqlarını bildirib. Onun sözlərinə görə, artan beynəlxalq qeyri-sabitlik şəraitində tərəfdaşlıq daha da böyük əhəmiyyət kəsb edir, Türkiyə isə Yaxın Şərqdəki böhranların həllində və Ukraynada ədalətli və davamlı sülhün əldə olunması səylərinin dəstəklənməsində vacib tərəfdaş olaraq qalır.

Qill, həmçinin Ərdoğanın NATO sammiti iştirakçılarına təqdim etdiyi hədiyyəni (üzərində adlar həkk olunmuş tapançalar - red.) də şərh edib. Onun sözlərinə görə, fon der Lyayen bu jestə görə Türkiyə prezidentinə təşəkkür edib. Hədiyyə edilmiş odlu silah təhlükəsiz şəkildə daşınacaq və deaktivasiyadan sonra isə Avropa Komissiyasının sədri onu hərbi muzeyə təhvil vermək niyyətindədir.

.