İsrail ordusunun iyulun 7-dən etibarən Qəzza zolağına qarşı başlatdığı hücum əməliyyatları davam edir. Fələstin hökumətinin Səhiyyə Nazirliyinin məlumatına görə, ötən günlər ərzində İsrail ordusunun hücumları nəticəsində Qəzzada ölənlərin sayı 1130 nəfərə çatıb, 6550 nəfər isə yaralanıb. İsrail ordusu isə davam edən quru əməliyyatları zamanı 53 hərbçi itirdiyini etiraf edib.
Ancaq ötən gün HƏMAS-ın hərbi qanadı olan "İzzədin əl-Qəssam” briqadası açıqlama yayaraq 110 nəfərdən artıq İsrail əsgəri öldürdüyünü və yüzlərlə əsgərin yaralandığını bildirib. Ötən gün İsrail ordusu Qəzza əməliyyatları zamanı daha 5 əsgər itirdiyini bəyan edib. Qeyd edək ki, İsrail ordusu iyulun 7-dən başlayaraq Qəzza zolağına qarşı "Qoruyucu xətt” adlı əməliyyatlara başlayıb. İyulun 17-də isə İsrail ordusu birləşmələri Qəzza zolağı ərazisinə quru əməliyyatları həyata keçirir. Davamlı olaraq Qəzzanı bombalayan İsrail ordusu bölgədə çoxlu sayda dinc insanın ölümünə səbəb olub. BMT-yə məxsus binalar da daxil olmaqla çoxlu sayda mülki binalar, məktəblər və xəstəxanalar bombalanıb. İsrail ordusu bir sıra hallarda bombaların "yanlış” olaraq yaşayış məskənlərinə düşdüyünü desə də, bir qayda olaraq yəhudi dövləti HƏMAS-ı günahlandıraraq, onların dinc əhalidən sipər kimi istifadə etdiklərini iddia edir.
Qeyd edək ki, İsrail ordusu Fitr bayramı günü də Qəzzanı bombalamaqda davam edib. Bu arada Ramazan ayının başa çatması münasibətilə Tehranda bayram namazı qıldıran İranın ali dini lideri Seyyid Əli Xameneyi müsəlman ölkələrinə çağırış edərək Fələstin xalqını müdafiə etməyə çağırıb. "Əl-Cəzirə” telekanalının məlumatına görə, iyulun 29-da Tehranda çıxışı zamanı Seyyid Əli Xameneyi ABŞ və Avropa ölkələrinin əsas hədəfinin Fələstin müqavimətinin gücünü zəiflətmək olduğunu deyib. İran ali dini lideri müsəlman ölkələrini Fələstin müqavimət qruplarını silahlandırmağa çağırıb.
İsraili sərt şəkildə tənqid edən dini lider sionist dövlətin dinc insanlara qarşı soyqırım törətdiyini bildirib: "Bu quduz köpək, bu acgöz qurd günahsız insanlara hücum edir. İnsanlıq buna etiraz etməlidir. Bu bir soyqırım, tarixi bir fəlakətdir. İsrail gecə-gündüz günahsız insanları öldürür və bu insanlar özlərini müdafiə etməyə çalışırlar. İndi isə Avropa və Amerika fələstinlilərin silahlarını təhvil vermələrini istəyir ki, İsrail onları heç bir müqavimətə rast gəlmədən yox etsin. Hər kəs, kimin imkanı varsa, xüsusən də İslam dünyasında fələstinliləri silahlandırmaq üçün əlindən gələni etməlidir”.
Qeyd edək ki, bütün atəşkəs cəhdlərinə baxmayaraq, İsrail hələ də Qəzzanı bombalamaqda davam edir. Ötən gün İsrailin atdığı bombalardan biri Qəzzada Türkiyənin "Anadolu” Agentliyinin yerli bölməsinin ofisinin yerləşdiyi binaya düşüb. Bayram günü davam edən bombardmanlar nəticəsində isə Şəfa adlı xəstəxanaya mərmi düşüb. Bombardman nəticəsində Qəzzada daha 10 dinc sakin öldürülüb.
.
