İspaniyalı antropoloq və diyetoloq Cemma Orte qəhvə ilə limon qarışığının arıqlamağa kömək etdiyi barədə yayılan fikirlərin əsassız olduğunu bildirib. Mütəxəssis bu qarışığın nəinki arıqlamağa kömək etmədiyini, hətta həzm sisteminə mənfi təsir göstərə biləcəyini vurğulayıb.

Bu barədə o, "El Mundo" qəzetinə müsahibəsində danışıb.

Həkimin sözlərinə görə, bu içkinin "yağ yandıran" təsirə malik olması barədə iddialar yanlışdır. Qəhvə maddələr mübadiləsini sürətləndirsə də, ona limon şirəsi əlavə etmək bu prosesdə heç bir əlavə effekt yaratmır.

Mütəxəssis qeyd edib ki, bu qarışığın acqarına qəbulu mədənin qıcıqlanmasına və turşuluğun artmasına səbəb ola bilər. Xüsusilə həssas həzm sistemi olan və ya yüksək stres səviyyəsi müşahidə edilən insanlarda bu içki ciddi narahatlıq yarada bilər.

Diyetoloq izah edib ki, qəhvə mərkəzi sinir sistemini stimullaşdırır, enerji sərfini artırır və yağ turşularının parçalanmasına kömək edir, lakin bu təsir məhduddur və ciddi çəki azalmasına səbəb olmur. Limonun suya əlavə edilməsi isə orqanizmin su balansını qorumağa və az miqdarda C vitamini qəbuluna kömək edə bilər, lakin onun sübut olunmuş iltihabəleyhinə və ya yağ yandıran xüsusiyyəti yoxdur.

Ekspert vurğulayıb ki, möcüzəvi "yağ yandıran" içkilər mövcud deyil. Bəzi içkilər maddələr mübadiləsini yalnız dolayı yolla dəstəkləyə bilər:

Yaşıl çay: Enerji sərfini bir qədər artırır.

Zəncəfilli içkilər: Həzmi və insulin həssaslığını yaxşılaşdırır.

Darçın: Qlükoza səviyyəsindəki kəskin dəyişiklikləri azalda bilər.

Lakin bu təsirlər yalnız balanslı qidalanma və fiziki aktivliklə birlikdə effektiv olur.

.