
Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbazadə qəbul imtahanlarının vaxtını açıqlayıb.
Məleykə Abbaszadə mətbuat konfransında bildirib ki, ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə iştirakçılara yenə də 2 dəfə cəhd etmək imkanının verilməsi nəzərdə tutulur:
"III qrup üzrə ilk imtahan 21 may, II qrup üzrə 22 may, I qrupa sənəd verən abituriyentlərin bir hissəsi 4 iyun, yerdə qalan hissəsi isə 5 iyunda imtahan verəcək. 5 iyunda IV qrup üzrə də imtahan keçiriləcək. II cəhd üzrə imtahanlar isə III qrup üzrə 6 iyul, II qrup üzrə 7 iyul, I qrup üzrə 20-21 iyul, IV qrup üzrə isə 21 iyul tarixində keçiriləcək. Cari və əvvəlki illərin məzunları eyni gündə imtahan verirlər. Əvvəlki illərin məzunları orta ixtisas məktəblərinə qəbul olmaq istəyirlərsə, onlar da apreldə buraxılış imtahanlarında iştirak etməlidirlər.".
Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun vaxtı açıqlanıb
Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulunun vaxtı açıqlanıb.
Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə mətbuat konfransında bildirib ki, ərizə qəbulu bu il martın 4-dən 17-dək internet vasitəsilə aparılacaq. O qeyd edib ki, bu prosesdə sənəd vermək istəyən həm cari ilin, həm də əvvəlki illərin məzunları iştirak edirlər:
"Ölkədə və dünyada olan pandemiyanın təsirinə görə cədvəli açıqlamazdan öncə müvafiq qurumlarla razılaşmalar aparmalıydıq. Operativ Qərargahın razılığı olmadan biz tədbirləri keçirə bilmərik. Ötən həftə Operativ Qərargah bu razılığı verib. I qrup üzrə sənəd verənlərin sayı çox olur. Bir gündə 50 mindən çox insan imtahana cəlb oluna bilməz. Texniki səbəblərə görə, I qrupun kontingentini iki hissəyə bölmüşük. Onlar ayrı vaxtlarda imtahan verəcək".
M. Abbaszadə əlavə edib ki, ikinci cəhd isə iyunda olacaq:
"Həmin vaxt ikinci cəhd üçün sənəd qəbulunun tarixini elan edəcəyik. Keçənilki buraxılış imtahanlarının qiymətləri bu il qüvvədədir. Amma ondan əvvəlki illərin məzunları mütləq sənəd qəbulunda iştirak etməlidirlər." - deyə o bildirib.
.