Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatı Astan Şahverdiyevin Biləsuvarda məskunlaşan məcburi köşkünlərin aksiya keçirməsinə münasibət bildirərkən işlətdiyi ifadələr cəmiyyətdə kəskin narazılıqla qarşılanıb. "Problem həll olunub. Bir qrup nəşəli, içkili, hakimiyyətdən narazı adam baş qaldırıb...
... Mən nəşəli deməzdim, onların içində sərxoşlar da var, cəmiyyətin tör-töküntüsü də. Azərbaycan cəmiyyəti haqda Rusiyada çox pis fikir formalaşıb, səbəbi bilirsiniz nədir? Mən bunun səbəbini araşdırmışam. Rusiyaya gedənlər kimlərdir? Bizim cəmiyyətin "otxodları”dır. Gedib bazarda işləyənlər. İndi burda baş qaldıranlar da... Hər yerdə belə tör-töküntülər var...
... O saxlanılanlar ən "yarıy” (ruscadan tərcümədə "azğın”, "qudurğan” deməkdir - red.) adamlardır, mən bir az rus təhsilliyəm, Azərbaycan dilində qarşılığını tapa bilmirəm. Bunlar həddən artıq aktivdirlər bu işlərdə, cəmiyyəti dövlətçiliyə qarşı çağırıblar...”- deyə «Azadlıq» radiosuna deyib.
Müsahibəyə sosial şəbəklərdə sərt reaksiyalardan sonra deputat «Report»a növbəti açıqlamasını verib və daha bir təhqirə yol verib. "İki gün öncə verdiyim açıqlamada heç kəsi təhqir etməmişəm ki, üzr də istəyəm?! Amma dediklərimə görə, təəssüf edirəm. Əsəbi olmuşam, o cür ifadə işlətmişəm. Siz də o mənzərəni görsəydiniz, elə deyərdiniz".
O qeyd edib ki, artıq, sakinlərin elektrik enerjisi bərpa edilib. Bu halların təkrar olunmaması üçün yollar axtarılır. Milli Məclisin dekabrın 30-da keçiriləcək plenar iclasında çıxış edəcəm, xahiş edəcəm ki, insanların problemi həll edilsin. Bilirsiz ki, qış sərt olacaq, camaatın da yeganə istilik mənbəyi elektrik enerjisidir. Camaatı başa düşürəm, onlar da gərək azğınlaşmasın".
O, telefon nömrəsinin sosial şəbəkələrdə paylaşılmasına da münasibət bildirib: "Elektron ünvanım yoxdur. Hazırkı telefon nömrəmi də 11 ildir ki, işlədirəm. Hər kəs də bilir. Nömrəmi sosial şəbəkələrdə paylaşmaları onların öz işləridir".

Astan Şahverdiyev: "Nə cəza vermək istəyirlərsə, mən hazıram”
Deputatın üzr istədiyi, ehtiyatsızlıq üzündən işlətdiyi ifadəyə görə insanları inctməsindən təəssüfləndiyi barədə xəbəri isə modern.az yayıb. A. Şahverdiyev bildirib ki, o, kobud ifadə səsləndirmək fikrində olmayıb: "Mən çox təəssüf edirəm ki, ehtiyatsız deyilmiş söz insanları bu qədər incidib. Mən bilməzdim ki, bu ifadə cəmiyyətdə bu qədər rezonans yaradacaq. Mən əlbəttə, elə demək istəməmişəm. Cəbrayıllılarla baş verən insidentdən sonra mənə "Azadlıq radiosu”ndan zəng vurmuşdular. Orda yaralanan polisləri görəndən sonra çox əsəb, stress keçirmişdim. Gələn zəng o ana düşüb və istəmədən belə bir ifadə işlətmişəm. Məqsədim insanları incitmək, təhqir etmək deyildi. Mən bilirəm ki, Avropada, Rusiyada Azərbaycan xalqını yüksək səviyyədə təmsil edən iş adamları var və onlarla şəxsən tanışam”.
A.Şahverdiyev özünü fikirlərini düzgün ifadə etməməkdə qınayıb: "Fikirlərimi düzgün ifadə etməmişəm. Buna görə də təəssüf hissi keçirirəm ki, ifadəm belə alınıb. Buna görə nə cəza vermək istəyirlərsə, mən hazıram. İnsanları incitdiyimə görə təəssüf edirəm”.

Zahid Oruc: "Millətə "çıxdaşlar”,”tullantılar””tüfeylilər” və "müftəxorlar” kateqoriyası ilə yanaşanda...”
Milli Məclisin deputatı Zahi Oruc Bizimyol.info saytına açıqlamasında bildirib ki, insanların həqarətə məruz qalması yolverilməzdir. "Bir qrup insan dövlət əleyhinə deyil, sosial tələblərlə aksiya keçiribsə, onların qarşısına çıxan hökumət təmsilçiləri etirazların qanun çərçivəsində olmasını tələb edə bilər, hətta polislə toqquşmanın qəti pislənməsi də yerinə düşər, lakin adamların damğalanması və həqarətə məruz qoyulması yolverilməzdir. Yəqin, Avropa ölkələrinin çoxunda marixuananın müxtəlif növlərinin aptelərdə dərman kimi reseptlə açıq satışda olduğunu bilirsiniz. Bizim "cinayətkar” saydığımız o insanları avroparlamentarilər siyasi haqlarından məhrum etməyi və aşağılamağı ağıllarına gətirmirlər. Elə isə,"nəşə”yə köklənib böyük sayda əhali qrupunun enerji təminatına, yaxud digər sosial ehtiyaclarına həqarətli adlar qoymaq dövlətə xidmət sayıla bilməz. Vətəndaş etiraz üçün küçəyə, meydana çıxıbsa,onları dinləmək lazımdır. Məcburi köçkünlərin mütləq əksəriyyəti ötən on illərdə və indi hazırki hakimiyyətin mühüm sosial dayaqlarıdır. Böyük Mustafa Kamal əliqabarlı və üst-başları nimdaş olan insanların süngüsü ilə Türkiyə Cümhuriyyətini qurmuşdu, Ulu öndərsə, çadır şəhərciklərində və vaqon evlərdə yaşamağa məcbur olanların timsalında özünün ən sadiq və yenilməz tərəfdarlar ordusunu tapmışdı. İndi etiraz edən-haqlı, haqsız tələblərlə çıxış edən insanların övladları səngərdə xalqımızın təhlükəsizliyni qoruyur və sabah biz onlarla birlikdə Xankəndinə getməyi düşünürük. Ona görə də böyük tarixi səlnamələr yaradan millətə "çıxdaşlar”,”tullantılar””tüfeylilər” və "müftəxorlar” kateqoriyası ilə yanaşanda, reallıq hissini itirərək mənəvi uçuruma yuvarlanmamaq mümkün deyil. Onda belə çıxır ki, sabah Rusiya polisi ölkəmizidən gedənlərin üstünə "ikinci sort” etiketini vurmağa çalışan düşüncə sahiblərini görüb, soydaşlarımızı təbəə yerinə qoysa, ya da ucdantutma "azərbaycanlı ovu”na çıxsa, haqlı olacaq?”- deyə Z.Oruc bildirib.
Fazil Mustafa: "Xaricə getməyə məhkum olmuş insanlara bu cür yanaşma yolverilməzdir”
Milli Məclisin İntizam Komissiyasının üzvü, deputat Fazil Mustafa bildirib ki, Rusiyaya köçüb getmiş azərbaycanlılara qarşı "otxod" sözünün işlədilməsinə münasibəti birmənalı mənfidir. "Azərbaycandan xaricə getməyə məhkum olmuş insanlara bu cür yanaşma yolverilməzdir. Hətta onların içində Rusiya və başqa ölkələrdə davranışlarına görə müəyyən problemlər yaradan insanlar varsa, bunun da günahını onların yetişdiyi məhz buradakı təhsil, ailə və sosial mühitində axtarmaq lazımdır. Orada Azərbaycanı ləyaqətlə təmsil edən minlərlə tanıdığımız və tanımadığımız insanlar var. Bu insanların böyük əksəriyyəti adi yaşamını təmin etmək üçün ölkəni tərk etməyə məcbur olublar. Azərbaycanda minlərlə ailələr var ki, yaşamaq üçün ümidlərini oradan yaxınlarının göndərdiyi vəsaitə dikiblər. Ümumilikdə isə mühacirətdə olan həmvətənlərimizə münasibətimiz fikrimcə belə düzənlənməlidir: Yaxşıları, faydalıları dəstəkləyərək nümunəyə çevirmək, pis obrazda tanınanların yaşadıqları cəmiyyətə islah olunaraq interasiyasına yardım etmək. Yəni diasporanın keyfiyyətini yüksəltməyin yolu ona dövlət olaraq, cəmiyyət olaraq səmimi və məqsədyönlü şəkildə sahib çıxmaqdan və onlardan ölkənin mənafeyi üçün faydalanmaqdan başlayır” - deyə deputat bildirib.

Ağacan Əbiyev: "Təhqirə yol veribsə, bu, deputat üçün ciddi səhvdir”
Milli Məclisin İntizam komissiyasının sədri Ağacan Abıyev isə bildirib ki, deputat Astan Şahverdiyevin etiraza səbəb olan açıqlamasının həqiqətən onun tərəfindən deyilib-deyilməməsi hələ ki dəqiqləşdirilməyib”. O, APA-ya açıqlamasında qeyd edib ki, bu barədə eşidib, amma hələ dəqiq əmin deyil:
"Əgər təsdiqin tapsa ki, təhqir edib, əlbəttə tədbir görüləcək. Hələ ki, Milli Məclis rəhbərliyindən bununla bağlı komissiyanın iclasının çağrılması barədə mənə bir söz deyilməyib. Qarşıdan dekabrın 30-da plenar iclas gəlir və yəqin ki, o iclasda bu məsələ ilə bağlı dəqiq qərar veriləcək. Amma indiki halda hələ ki, hansısa tədbirin görülməsi ilə bağlı bir qərar yoxdur”.
A.Abıyev onu da bildirib ki, əgər həqiqətən A.Şahverdiyev müsahibəsində təhqirə yol veribsə, bu, deputat üçün ciddi səhvdir.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, hər şeydən əvvəl hər bir şəxs, hər bir deputat dediyi fikrə görə məsuliyyət daşıyır. "Düzdür, bizim "Deputatın statusu haqqında” qanuna görə, deputat Milli Məclisdə dediyi sözə görə məsuliyyət daşımır, amma insanın hüquqi məsuliyyəti ilə yanaşı, daxili məsuliyyəti də var. Hər bir şəxs dediyi sözə görə məsuliyyət daşımalıdır. Həmkarlarımdan da xahiş edirəm ki, danışanda, çıxış edəndə, xüsusilə mətbuata müsahibə verəndə, hər hansı fikri deyəndə əvvəlcə yüz ölçüb, bir biçsinlər. Məsələn, mən bu fikri deyirəm, bu fikir necə yozula bilər, nə cür qəbul oluna bilər və sair. Ona görə də danışanda diqqətli olmalıdırlar”.
Z. Əsgərov onu da qeyd edib ki, bəzi media mənsubları deputatların müsahibələrində mexaniki anlaşılmazlıqdan istifadə edirlər: "Deputat mexaniki yanlışlığa yol verəndə jurnalist də onu istədiyi yerə yozmasın. Bilirsiniz, şükür Allaha, cəmiyyətimizdə indi əmin-amanlıq, həmrəylik var. Bu həmrəyliyi möhkəmləndirmək lazımdır. Amma təəssüf ki, bizim bəzi qələm adamları bir deputatın ayaqüstü müsahibəsində mexaniki ağzından çıxan sözdən tutub onu yozurlar və belə anlaşılmazlıq yaranır. Amma təbii ki, hər bir deputat həm əməlində, həm də danışığında diqqətli və dürüst olmalıdır, xalqına və dövlətinə xidmət etməlidir!”.
Qeyd edək ki, son aylarda Milli Məclisin deputatlarından bəzilərinin mediaya açıqlamalarının narazılıqla qarşılanması müşahidə olunub. Məsələn, Hadı Rəcəblinin Qarabağ əlillərinə güzəştlərə etiraz etməsi geniş müzakirələrə səbəb olmuşdu Bu açıqlama ilə bağlı hətta Milli Məclisin iclasında spiker Oqtay Əsədov ona xəbərdarlıq etmişdi.

Milli Məclisin deputatı Hüseynbala Mirələmovun "Ayağını yorğanına görə uzat. Azdır az ye, çoxdur çox ye. Adamlar var çörək yemir, ət yemir, balıq yemir ki, forma saxlasın. Çox yemək insanı tez qocaldır” - fikirləri də sosial şəbəklərdə narazılıqla qarşılanmışdı.
Bundan başqa, bir çox deputatların öz maaşlarının azlığından şikayətlənən açıqlamar verməsi də müzakirələrə səbəb olmuşdu.
Rəşad VAQİFOĞLU
.
