Ötən gün Rusiya Prezidenti Vladimir Putin Kremldə suriyalı həmkarı Bəşər Əsədlə görüşüb.

TASS verdiyi xəbərə görə, bu barədə bu gün Kremlin saytında məlumat verilib.

Rusiya dövlət başçısı və B. Əsəd Suriyadakı siyasi vəziyyəti, beynəlxalq terrorizmə qarşı mübarizəni, eyni zamanda, ikitərəfli əməkdaşlığı, o cümlədən humanitar əməkdaşlıq məsələlərini müzakirə ediblər.

V. Putin suriyalı həmkarını Moskvada salamlamaqdan məmnunluğunu ifadə edib, onu ad günü və mayın 26-da baş tutmuş prezident seçkilərində qazandığı qələbəyə görə təbrik edib.

Onun sözlərinə görə, Suriyada ötən dövrdə baş vermiş çətinliklərə və faciələrə baxmayaraq, prezident seçkilərinin nəticələri göstərir ki, insanlar B. Əsədə inanır.

Rusiya lideri xatırladıb ki, hər iki ölkənin birgə səyləri nəticəsində Suriyanın əsas hissəsi terrorçulardan azad edilib, qaçqınlar aktiv şəkildə azad edilmiş rayonlara qayıdır, insanlar öz evlərini bərpa edir.

V. Putin bildirib ki, B. Əsəd özünün siyasi opponentləri ilə dialoq yaratmaq üçün çox iş görür. Rusiya Prezidenti bu prosesinin davamlı olacağına ümid etdiyini qeyd edib.

Bununla belə V. Putin B. Əsədin icazəsi və BMT-nin qərarı olmadan xarici silahlı birləşmələrin Suriyanın ayrı-ayrı ərazilərində mövcudluğunu problem kimi qiymətləndirib. O əlavə edib ki, bu amil Suriya hakimiyyətinə ölkəni birləşdirmək üçün maksimal səy göstərməyə imkan vermir.

B. Əsəd isə öz növbəsində Soçi və Nur-Sultanda keçirilmiş siyasi danışıqların Suriyada vəziyyətin normallaşmasına kömək etdiyini vurğulayıb.

O qeyd edib ki, Rusiya Suriyada terrorçuların üzərində qazanılan qələbəyə böyük töhfə verib. Suriya dövlət başçısı göstərilən köməyə görə V. Putinə təşəkkür edib və Rusiya Xarici İşlər Nazirliyinin fəaliyyətini yüksək qiymətləndirib.

Rusiya və Suriya liderləri yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizəyə də diqqət ayırıb.

Qeyd edək ki, V. Putin və B. Əsəd arasında sonuncu görüş 2020-ci ilin noyabrında videokonfrans rejimində baş tutub.

.