Qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

APA-nın xəbərinə görə, Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə cinayət işində şahid kimi tanınan Orucəli Hacıyevin və zərərçəkmiş şəxsin hüquqi nümayəndəsinin məhkəmədə iştirakları təmin edilmədiyi üçün onların ifadələri elan olunub.

Daha sonra hadisə baş verən kafenin işçiləri və həmin vaxt Ukrayna səfirliyində çalışmış şəxslərin ifadələri elan edilib.

Kafe işçiləri ifadələrində Rövşən Əkbərovu hadisə baş verən günü kafedə gördüklərini bildiriblər.

Həmin vaxt Ukrayna səfirliyində işləyən şəxslər isə hadisə baş verən günü Rövşən Əkbərovun səfirlikdən çıxıb sözügedən kafeyə getdiyini təsdiqləyiblər.

Daha sonra Rövşən Əkbərov məhkəmədə ifadə verib.

Təqsirləndirilən şəxs ifadəsində özünü təqsirli bilmədiyini və qətlə yetirilən Elçin Əliyevi cəmi üç dəfə gördüyünü deyib: "Mayın 31-də səfirlikdə keçirilən tədbirdən sonra Azərbaycana göndəriləcək sənədləri təhvil verib evə qayıtdım. İyunun 1-i səhər tezdən səfirliyin əməkdaşı, mərhum şairimiz Fikrət Qocanın oğlu Yalçın Qocayev zəng edib dedi ki, Elçin və Qüdrəti vurublar. Dərhal səfirliyə gəldim. Mənə bildirdilər ki, hadisə ilə bağlı Azərbaycandan nümayəndələr gəlir. Nazim İbrahimov da nümayəndələrin içində idi.

Həmin günün axşamı səfirlikdə mənə dedilər ki, Azərbaycanda qəzetlər Elçinin qətlində mənim iştirak etdiyimi yazır. Bildirdilər ki, Nazim İbrahimov Azərbaycana zəng edib Elçinin yaxınlarına hadisəni Rövşən Əkbərovun törətdiyini deyib".

R. Əkbərov daha sonra Nazim İbrahimovla “Dnepr” otelindəki görüşündən danışıb: "Nazim İbrahimovla görüşdüm. Ondan niyə görə belə bir söz dediyini soruşdum. Nazim İbrahimov isə belə bir söz dediyini boynuna almadı. Sonralar bir dəfə də general-leytenant olandan sonra onunla görüşdüm. Deputatlarla birgə dayanmışdı. Yaxınlaşıb "Adam kişi olar" deyəndə, yenə bildirdi ki, elə bir söz deməyib. Hətta məni təbrik etdi. Sonralar bir nəfər də mənə demədi ki, gəl danış. İfadələrdə deyiblər ki, hərbi formada kafedə olmuşam. Heç bir yerdə görünməyib ki, hərbi forma ilə kafeyə gedəsən. Məzahir Şıxəliyev məni görmüşdüsə, sonra nəyə görə məni tanıması üçün şəkil istəyib? Elçin Əliyevlə mənim bir işim olmayıb. Necə ola bilər ki, 2001-ci ildə başqa cür deyirdilər, indi başqa sözlər danışırlar? Uşaqlarım ağlaya-ağlaya evə gəlib deyirdilər ki, məktəbdə danışırlar, atanız adam öldürüb. Kişi kimi deyirəm ki, bu qətl mənlik deyil".

Prokurorun suallarını cavablandıran R. Əkbərov heç vaxt gecə vaxtı "Sikora" kafesində olmadığını, Məzahir Şıxəliyev adlı şəxsi isə ümumiyyətlə görmədiyini deyib.

R. Əkbərov zərərçəkmiş şəxsin hüquqi varisinin müdafiəçisi Elçin Sadıqovun heç bir sualına cavab verməyib.

Sənədlərin tədqiqi keçirildikdən sonra hakimlər məhkəmə istintaqının başa çatdığını elan ediblər.

Məhkəmə çıxış etmək üçün dövlət ittihamçısına söz verib.

Prokuror çıxışında təqsirləndirilən şəxs barədə toplanan materialların məhkəmə istintaqı ilə sübuta yetirildiyini əsas gətirərək Rövşən Əkbərovun Cinayət Məcəlləsinin 12.1, 120.2.2 maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Prokuror çıxışında təqsirləndirilən şəxs barəsində qəbul edilən Cinayət Məcəlləsinin 12.1, 221.3-cü maddənin ittihamdan çıxarılmasını və qaldırılan mülki iddianın qanunvericiliyə uyğun həll edilməsini qeyd edib.

Zərərçəkmiş şəxsinin müdafiəçisi isə dövlət ittihamçısının cəza təyin etdiyi müddətdən razı qalmadığını bildirərək Rövşən Əkbərovun 15 il azadlıqdan məhrum edilməsini xahiş edib.

R. Əkbərovun vəkilləri müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.

Proses oktyabrın 22-də davam etdiriləcək.

Qeyd edək ki, Rövşən Əkbərovun barəsində olan cinayət işi üzrə Baş Prokurorluq tərəfindən aparılan istintaq yekunlaşdırılıb.

Aparılmış istintaqla Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 4 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

.