“Bu gün dezinformasiyanın, nifrət nitqinin və təcavüzkar siyasətin alətinə çevrildiyi şəraitdə obyektiv, məsuliyyətli və peşəkar mediaya böyük ehtiyac var".

Bu barədə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Bakıda keçirilən “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumunda bildirib.

O qeyd edib ki, media vasitəsilə etimadın qurulması mövzusunda keçirilən bu forum Avropa məkanında dialoqun, qarşılıqlı anlaşmanın və etimadın möhkəmləndirilməsi baxımından xüsusi aktuallıq və əhəmiyyət kəsb edir:

“Media sahəsi Azərbaycan sədrliyinin gündəliyində prioritet istiqamətlərdən birini təşkil edir. Müasir beynəlxalq münasibətlər sistemi dərin transformasiya dövrünü yaşayır. Geosiyasi gərginliyin artması, suverenlik və ərazi bütövlüyü də daxil olmaqla beynəlxalq hüququn əsas prinsiplərinin pozulması qlobal təhlükəsizlik sistemini ciddi sınağa çəkir.

Terrorizm, separatizm, ekstremizm, kibertəhdidlər, dezinformasiya, eləcə də ərzaq, enerji, su və iqlim təhlükəsizliyi ilə bağlı risklər qlobal xarakterli təhlükələrə çevrilir.

Hazırkı dövrdə dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə, münaqişələrin beynəlxalq hüquq əsasında sülh yolu ilə nizamlanmasına və dünyanın müxtəlif regionlarında davam edən qlobal münaqişələrə son qoyulmasına yönəlmiş birgə fəaliyyət bəşəri əhəmiyyətli məqsədlərə xidmət edir”, – o bildirib.

.