Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğli Rusiyadakı diplomatik korpusun diayeni qismində Avstraliyanın Rusiya Federasiyasına yeni təyin olunmuş səfiri Con Uilyam Giering ilə görüşüb.

Səfirlikdən verilən məlumata görə, Azərbaycanın səfiri Con Girinqi yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.

Görüş zamanı bir çox məsələlər, o cümlədən Azərbaycan və Ermənistan arasında mövcud münasibətlər müzakirə olunub. Səfir Girinq başa çatmış Ermənistan-Azərbaycan münaqişəsindəki vəziyyətlə maraqlanıb və Avstraliyanın hər zaman Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini qeyd edib.

Polad Bülbüloğlu münaqişənin tarixindən, Azərbaycan və Ermənistan arasında uzunmüddətli və nəticəsiz gedən danışıqlar prosesi, 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan qələbə, eləcə də 2023-cü ilin sentyabrın 19-da aparılan lokal antiterror tədbirləri barədə danışıb. O, həmçinin münaqişədən sonrakı dövr, işğaldan azad edilmiş Azərbaycan ərazilərində aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərindən məlumat verib.

Azərbaycanın səfiri Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin Azərbaycanın hüquqi və sosial-iqtisadi sahəsinə reinteqrasiyası prosesi haqqında məlumat təqdim edib. Azərbaycan diplomatı Cənubi Qafqazda sülhün, sabitliyin və təhlükəsizliyin yalnız hər iki ölkənin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmət əsasında mehriban qonşuluq münasibətlərinin qurulması ilə mümkün olduğuna xüsusi diqqət çəkib.

Görüş zamanı regionda nəqliyyat kommunikasiyaları məsələləri müzakirə olunub. Polad Bülbüloğlu Şimal-Cənub dəhlizinin inkişafı ilə bağlı mövcud vəziyyətdən danışıb, İran ərazisindən keçən yolun tikintisindən danışıb, Bakının regionda bütün kommunikasiyaların mümkün qədər tez bərpası və açılmasının tərəfdarı olduğunu diqqətə çatdırıb.

Səfir Con Girinq ölkəmizi 2024-cü ildə COP29-a ev sahibliyi etmək üçün Bakı şəhərinin seçilməsi münasibətilə təbrik edib.

Söhbət səmimi və etimad mühitində keçdi. Tərəflər ölkələr arasında gündəlikdə duran müxtəlif mövzuları müzakirə edib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Səfir Polad Bülbül oğlu həmkarına səfərə görə təşəkkür edib və Azərbaycan ilə Avstraliya arasında dostluq və əməkdaşlıq əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Sonda səfir Con Uilyam Girinqə Heydər Əliyev Fondu tərəfindən nəşr edilmiş “Qarabağ: işğaldan əvvəl və sonra” adlı kitab hədiyyə edilib.

.