10 aprel 2024-cü il tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfiri Polad Bülbüloğlu Almaniya Federativ Respublikasının Rusiya Federasiyasındakı yeni təyin olunmuş Səfiri Aleksandr Qraf Lambsdorfu qəbul etmişdir.

Yenizaman xəbər verir ki, Bülbüloğlu həmkarını Rusiyada Fövqəladə və Səlahiyyətli Səfir - Fəxri vəzifəyə təyin olunması münasibətilə təbrik edərək, gələcək fəaliyyətində ona uğurlar arzulamışdır.

Azərbaycan Səfiri qonağa Rusiyadakı diplomatik korpusun duayeni qismində fəaliyyəti və bu ölkənin Xarici İşlər Nazirliyi ilə birgə həyata keçirilən tədbirlər və əhəmiyyətli mədəni layihələr barədə məlumat vermişdir.

Almaniya Səfir Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması ilə bağlı son proseslərlə maraqlanmışdır.

Bülbüloğlu Almaniyalı həmkarına Qarabağ münaqişəsinin tarixi haqqında ətraflı məlumat vermiş, regionda baş verən son hadisələr və müasir reallıqlar barədə ətraflı danışmışdır.

Görüş zamanı qarşılıqlı maraq doğuran cari məsələlər ətrafında fikir mübadiləsi aparılmış, Azərbaycan və Almaniya arasında ikitərəfli münasibətlər məsələləri müzakirə olunmuşdur.

Cənab Lambsdorff öz növbəsində Polad Bülbüloğluna səmimi qəbula və çox maraqlı söhbətə görə təşəkkür etmişdir.

Görüşün sonunda Azərbaycan Səfiri həmkarına Heydər Əliyev Fondunun nəşr etdiyi "Qarabağ işğaldan əvvəl və sonra" adlı kitabını hədiyyə etmişdir

.