Peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədris müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kredit sistemi ilə təşkil olunacaq.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, peşə təhsilini başa vuran məzunlara müvafiq qaydada təhsil haqqında dövlət sənədi diplom və ya sertifikat veriləcək.
Yüksək texniki peşə təhsili səviyyəsi üzrə peşə təhsili haqqında dövlət sənədi ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaradacaq və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılacaq. Yüksək texniki peşə təhsili səviyyəsi üzrə ixtisas proqramlarının müvafiq ixtisaslar üzrə ali təhsil proqramlarına uyğunluğu təmin edilir və bu təhsil səviyyəsini müvəffəqiyyətlə başa vuran məzunların – subbakalavrların topladıqları kreditlər bakalavriat səviyyəsinin uyğun ixtisaslarında ali təhsil müəssisələri tərəfindən nəzərə alınacaq.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Peşə təhsili haqqında dövlət sənədi olanlar da ali məktəblərə daxil ola biləcək

Yüksək texniki peşə səviyyəsi üzrə peşə təhsili haqqında dövlət sənədi ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaradır və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılacaq.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında “Peşə təhsili haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, peşə təhsili sisteminin quruluşuna da dəyişiklik edilib. Belə ki, peşə təhsil mərkəzinə qəbul olunan şəxslərə yüksək texniki peşə təhsili ilə yanaşı, tam orta təhsil almaq hüququ verilir.
Qeyd edilib ki, yüksək texniki peşə təhsilini bitirmiş şəxslərə orta ixtisas təhsili pilləsini bitirmiş şəxslərə bərabər tutulan subbakalavr ixtisas dərəcəsinin verilməsi və ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul hüququnun təsbit olunması yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədrisin təşkilində kredit sisteminin tətbiqini zəruri edir. Belə ki, ali təhsil pillələri üzrə tədris Avropa Kredit Transfer Sisteminə uyğun olaraq hazırlanmış kredit sistemi ilə təşkil edilir ki, bu da təhsil pillələrində əldə edilmiş kreditlərin digər təhsil pilləsində tanınmasına imkan verir. Göstərilənlər yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədrisin təşkilində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada kredit sisteminin tətbiqi və bu təhsil səviyyəsi üzrə subbakalavrların topladıqları kreditlərin ali təhsil müəssisələrində nəzərə alınması ilə bağlı qanunvericilikdə müvafiq dəyişikliyin edilməsini zəruri edir.
“Peşə təhsili haqqında” qanuna təklif olunan dəyişikliklər, bu məqsədlə “Təhsil haqqında” qanuna edilməsi nəzərdə tutulan dəyişikliklərə uyğun olaraq hazırlanıb.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

.