Ermənistanın şimalında beynəlxalq yükdaşımaları üçün ödənişli avtomobil yollarının açılması imkanı nəzərdən keçirilir.

“Sputnik Armenia” xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.

O, Mərkəzi Asiyadan Avropaya ən qısa marşrutun Ermənistandan, xüsusilə də ölkənin şimal bölgələrindən keçdiyini bir daha vurğulayıb.

Paşinyanın sözlərinə görə, hazırda Avropa İttifaqı ilə Azərbaycanın Qazax rayonundan Ermənistanın İcevan, Vanadzor, Gümrü şəhərləri və Axurik (Türkiyə sərhədi) istiqamətində uzanan magistral yolun beynəlxalq yükdaşımalar üçün açılması üzrə iş aparılır.

“Bu layihəni həyata keçirmək çox asandır. Bunun üçün yalnız siyasi razılaşma lazımdır”, – Ermənistan lideri qeyd edib.

Ermənistan Naxçıvana və Türkiyəyə gedən dəmir yolu xətlərini bərpa edəcək

Ermənistan artıq Gümrü–Axurik və Yerasx (Arazdəyən) dəmir yolu sahələrinin bərpasına yönəlmiş proseslərə başlayıb.

“Armenpress” xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə bildirib.

"Bu işləri həyata keçirəcəyik. Dəmir yolunun qalan hissəsinə gəlincə isə, işgüzar müzakirələri davam etdirəcəyik, o cümlədən rusiyalı tərəfdaşlarımızla”, – Paşinyan deyib.

Baş nazir vurğulayıb ki, regiona beynəlxalq dəmir yolu marşrutlarının daxil olduğu bir vaxtda ölkə bu yolların Ermənistandan yan keçməsinə sadəcə müşahidəçi rolunda qala bilməz.

"Belə ola bilməz. Gəlin qeyd edək ki, bu yollar Ermənistan Respublikasının mülkiyyətidir və biz öz mülkiyyətimizi özümüz idarə etməliyik", – Paşinyan əlavə edib.

Ermənistan dəmir yoluna dair müqaviləni Rusiya ilə birtərəfli qaydada ləğv etməyəcək

Ermənistan Rusiya ilə "Cənubi Qafqaz Dəmir Yolu" şirkətinin idarə olunmasına dair müqaviləni birtərəfli qaydada ləğv etməyi planlaşdırmır.

“Sputnik Armenia” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Paşinyan bildirib ki, Ermənistan bu məsələdə mövqeyini dəyişməyəcək. Bununla yanaşı, o, daha əvvəl səsləndirdiyi fikirdən də imtina etmədiyini vurğulayıb.

Baş nazirin sözlərinə görə, mövcud şəraitdə Ermənistan dəmir yollarının idarə edilməsinin Rusiya konsessiyasında olması səbəbindən ölkə öz rəqabət üstünlüklərini itirir.

Qeyd edək ki, Ermənistan hakimiyyəti artıq bir neçə aydır dəmir yollarının idarə olunmasına dair konsessiyanın üçüncü tərəfə verilməsinin tərəfdarı olduğunu bildirir.

.