
“VIB-Ugent” İltihabi Tədqiqatlar Mərkəzindən olan alimlərr sepsis zamanı həyati təhlükə yaradan süd turşusunun artıq ifrazını dayandırmaq üçün effektiv üsul tapıblar. Sepsis infeksiyaya qarşı yaranan kəskin immun reaksiyası hər il 11 milyona qədər insanın həyatına son qoyur.
Bu barədə "Cell Reports" jurnalında məqalə dərc olunub.
Araşdırma göstərir ki, B1 vitamini ilə qlükozanın birlikdə istifadəsi hüceyrələrdə enerji mübadiləsini bərpa edir və ölüm hallarını kəskin şəkildə azaldır.
Sepsis zamanı orqanizmdə dağıdıcı biokimyəvi pozuntu baş verir: bədən laktatı (süd turşusunu) emal etməyi dayandırır və B1 vitamini çatışmazlığı mitoxondrilərin fəaliyyətini pozur. Nəticədə piruvat toksik süd turşusuna çevrilir, bu isə qan təzyiqinin enməsinə və orqanların sıradan çıxmasına səbəb olur.
Professor Klod Libertin rəhbərlik etdiyi komanda siçanlar üzərində ağır sepsis modelində sübut edib ki, B1 vitamini yeridildikdə laktat səviyyəsi aşağı düşür və sağ qalma göstəricisi əhəmiyyətli dərəcədə yüksəlir. Effekt, eyni vaxtda qlükoza yeridildikdə daha da güclənib, qlükozanın metabolizmi laktat istehsalından enerji hasilatına yönəlib.
Tədqiqatçılar vurğulayırlar ki, bu mexanizm sadə olsa da güclüdür və reanimasiya şöbələrində istifadəyə asanlıqla uyğunlaşdırıla bilər. Növbəti mərhələdə daha iri heyvanlar üzərində sınaqlar və klinik tətbiqlər üçün optimal dozanın axtarışı nəzərdə tutulur.
.