Prezidentin köməkçisi: "Koronavirusla bağlı Azərbaycanın vəziyyəti digər ölkələrlə müqayisədə yaxşıdır”

"Hadisələrin inkişaf tendensiyalarına uyğun addımlar atılır”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında fövqəladə vəziyyətin elan edilməsi ilə bağlı ehtimala dair sualı cavablandıran Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, görülən işlərin nəticəsində Azərbaycanın vəziyyəti digər ölkələrlə müqayisədə yaxşıdır: "Azərbaycanın təcrübəsini öyrənmək istəyən dövlətlər var. Qaydalardan kənara çıxmaq istəyən vətəndaşlara münasibətdə də müvafiq addımlar atılır”.

H. Hacıyev Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın xalqa müraciət etdiyini xatırladıb: "Hər bir vətəndaşın bu məsuliyyəti paylaşması lazımdır”.

Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov isə nəzərə çatdırıb ki, dövlət başçısı fövqəladə hal elan edilməsini istisna etməyib: "Dövlət lazım gəldiyi halda bütün tədbirləri görəcək”.


"Elektron icazə verilməsi proseduruna yenidən baxıla, məhdudiyyətlər sərtləşdirilə bilər”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədov deyib ki, Azərbaycanda vəziyyət digər dünya ölkələri ilə müqayisədə yaxşıdır: "Başqaları ilə müqayisədə bu yaxşı vəziyyəti saxlamaq dövlətin konstitusion borcudur. Dövlət qaydaları pozanları təcrid etmək üçün bütün addımları atacaq. Hökumət bu addımı atmaq istəmir”.

İ. Məmmədov nəzərə çatdırıb ki, karantin rejimini uzatmaq sadə bir qərar deyil, iqtisadiyyat zərər çəkir, kiçilir.

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı isə qeyd edib ki, karantin rejimini uzatmamaq üçün karantin rejimi qaydalarına əməl etmək tələb olunur.


TƏBİB: Vətəndaşlarımız karantin rejiminə düzgün əməl etməsələr, daha sərt tədbirlərin görülməsi üçün müraciət edəcəyik

"Təəssüf ki, karantin rejimini pozan vətəndaşlarımız çoxdur, bu da riskləri artırır”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, təmas nə qədər çoxdursa, yoluxma da o qədər artır: "Simptomlu hallar yoluxmaya səbəb olur. Əgər vətəndaşlarımız karantin rejiminə düzgün əməl etməsələr, daha sərt tədbirlərin görülməsi üçün Operativ Qərargaha, hökumətə müraciət etmək məcburiyyətində qalacağıq. Biz iki-üç həftə səbr etsək, normal həyatımıza qayıda biləcəyik. Əks halda, məcburiyyət qarşısında qalaraq, Operativ Qərargaha, hökumətə daha sərt tədbirlər üçün müraciət edəcəyik”.

Koronavirusun aşkarlanması üçün Gəncə və Naxçıvanda laboratoriyalar qurulub

"Bizdə artıq koronavirusa yoluxma gündəlik üçrəqəmli həddə çatıb”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, bu gün 3 min test yoxlaması aparılıb, 105 nəfərin virusa yoluxduğu aşkarlanıb: "Bu günlərdə Gəncədə laboratoriya fəaliyyətə başlayıb. Şəki və Sumqayıtda da laboratoriyalar açılacaq. Naxçıvanda laboratoriyanın qurulmasına nail olduq. 105 yoluxma arasında Naxçıvanda aşkarlanan hallar da var. Hazırda ümumi yoxuma 822 nəfərə çatıb. Bu gün 19 nəfər sağalaraq evə göndərilib. Pandemiyadan sağalan şəxslərə iltizam forması imzalatdırılır. Onlara evdə özlərini necə aparacağı barədə təlimat verilir”.

Azərbaycanda koronaviruslu xəstələr hazırda 22 tibb müəssisəsində müalicə olunur

"TƏBİB bir səhiyyə qurumu və Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü olaraq pandemiyanın başladığı ilk gündən fəaliyyət planlarını qurub. ÜST və beynəlxalq təcrübəyə uyğun fəaliyyət planımızı daha da təkmilləşdiririk”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, fəaliyyət istiqaməti profilaktika, müalicə və diaqnostika istiqamətində davam etdirilir: "Profilaktik iş olaraq ölkə xaricindən gələnlər karantinə yerləşdirilib. Bunun üçün logistika və fəaliyyət planı əvvəldən tərtib olunub. Yüksək səviyyəli karantin yerləri hazırlanıb, onların əksəriyyəti hotellərdir. Karantin yerlərində bütün mərtəbələrdə həkim və tibb bacıları müayinə aparırlar".

O deyib ki, 14-21 ərzində karantin zamanı müayinələr davam edir: "Pozitiv hal olanda dərhal həmin şəxsi izolyasiya edirik. Təəssüf ki, karantin rejimində olanlar bəzən buna tam əməl etmirlər, nəticədə yoluxma halları artır. Eyni zamanda, həmin şəxsdə virus aşkar edəndən sonra onunla təmasda olanlar da aşkarlanır. Fəaliyyətin ikinci hissəsi diaqnostikadır. Hazırda laboratoriyaların sayı 15-ə çatıb, biz testlərin sayını da artıracağıq. Hazırda gündəlik 3000 test edilir, yaxın zamanlarda 5000-ə çatdıracağıq. Pozitiv hal aşkarlanan kimi həmin şəxsi izolyasiya edəcəyik. Logistika planına uyğun olaraq regionlarda olan bütün müayinələr təcili tibbi yardımın 24 saat fəaliyyət göstərməsi nəticəsində laboratoriyalara aparılır. Təcili yardım əməkdaşları çağırış olan kimi evə gedir, analiz götürürlər. Kimdən analiz götürülürsə, cavab çıxana kimi tapşırılır ki, evdə izolyasiya olsunlar. 22 tibb müəssisəsində hazırda koronavirus xəstələri yerləşdirilir. Koronaviruslu xəstələrin olduğu müəssisələrdən əlavə digər tibb müəssisələrinin də üzərinə yük düşür, onlar digər xəstəlikləri müalicə edirlər".
.