Aprel döyüşlərində şəhid olan Əlizamin İslamovun anası Hürnisə Kərimovanın Zabratda yerləşən evi hələ də təmir olunmayıb.

 

Bu barədə BakiPost.az-a şəhid anası özü məlumat verib. Bildirib ki, evinin təmiri yarımçıq saxlanılıb: "Təmiri yarımçıq saxlayıb gediblər. Yalnız evin tavanına alçipan və divarlara suvaq vurublar. Evdə istilik demək olar ki, yoxdur. Soyuq evdə tək başına otururam. Deyirlər ki, balansda pul yoxdur. Nə vaxtsa olsa təmiri davam etdirəcəyik. Mən burada soyuqdan ölməliyəm? Aylardır ki, bir evin təmiri üçün pul tapmırlar” .


Şəhidin anası qeyd edib ki, aprelin 6-da oğlunun ölümünün ildönümünü hazırda yaşadığı evdə vermək istəyir: "Aprelin 6-sı oğlumun ilidir. İlini burada vermək istəyirəm. Çünki övladım mənimlə birgə əziyyət çəkib, ev tikib. İstəyirəm ki, dövlət Zabratdakı evdə uşağımın ilini versin. Amma evdə də şərait yoxdur. Bu necə olacaq? Dəfələrlə bununla bağlı kənd bələdiyyəsinə müraciət etmişəm. Mənə bildirirlər ki, evi təmir etməyə imkanları yoxdur. Bəs kim edəcək bunu mənim üçün? Təmiri yarıda saxlayıblar. Nə vaxt imkan olsa, o zaman yenidən təmir edəcəklərini deyirlər. Bəlkə onların heç imkanı olmayacaq”.


Sabunçu rayon İcra Hakimiyyətinin Zabrat qəsəbəsi nümayəndəsi İlqar Süleymanov BakiPost.az-a açıqlamasında bildirib ki, ev təmir olunacaq: "Hürnisə xanımın evi demək olar ki, yox idi. Biz orada xeyli iş görmüşük. Həmin evə az vəsait də xərclənməyib. Amma yenə də aprelə kimi 2 ay var. Biz evi tam təmir edəcəyik. Hürnisə xanım bizim bəzi təkliflərimiz ilə razılaşmır. Amma yenə də əgər bir iş başlanıbsa, deməli qurtarılacaq”.


.