Milli Məclisin deputatı Novruzəli Aslanov 28 avqust 2026-cı il tarixində İsmayıllı rayonunda növbəti dəfə seçicilərlə görüş keçirib.
Millət vəkili bu dəfə vətəndaşları rayonun Şəbiyan və Bəhliyan kəndlərində qəbul edib.
Şəbiyan kəndində keçirilən görüşdə yaxınlıqda yerləşən Pirəbülqasım kəndinin sakinləri də iştirak ediblər. Qəbul zamanı vətəndaşları narahat edən sosial məsələlər və şəxsi müraciətlər müzakirə olunub. Kənd sakinlərini daha çox narahat edən məsələlərdən biri qaz təchizatında mövcud olan problemlərlə bağlı olub.
Daha sonra deputat Bəhliyan kəndində seçicilərlə görüşüb. Qəbul zamanı burada da vətəndaşları narahat edən sosial məsələlər və şəxsi müraciətlər müzakirə olunub. Kənd sakinlərinin əsas narazılığı qaz və su təchizatında mövcud olan müəyyən problemlərlə bağlı olub.
Novruzəli Aslanov hər iki qəbul zamanı sakinlər tərəfindən qaldırılan sosial məsələləri və şəxsi müraciətləri qeydə alıb, onların həlli istiqamətində müvafiq addımların atılacağını bildirib.
Deputat Novruzəli Aslanovun keçirdiyi qəbullarda iştirak edən Şəbiyan, Bəhliyan və Pirəbülqasım kənd sakinləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya İsmayıllı rayonuna göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
