“Müasir beynəlxalq münasibətlər sistemində dövlətin nüfuzu ilk növbədə onun suverenliyinin tam təmin olunması ilə müəyyən edilir. Ərazi üzərində müstəsna hakimiyyətin həyata keçirilməsi, sərhədlərin toxunulmazlığı və konstitusiya quruluşunun ölkənin bütün ərazisində bərqərar olması müstəqil dövlətin əsas göstəricilərindəndir.

Azərbaycanın son illərdə keçdiyi yol bu prinsiplərin real həyatda necə təmin olunduğunu nümayiş etdirən mühüm nümunələrdən biridir. Bu baxımdan 20 Sentyabr – Dövlət Suverenliyi Günü dövlətçilik tariximizin əlamətdar hadisələrindən biridir.

Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə təsis edilən Dövlət Suverenliyi Günü Azərbaycan xalqının onilliklər ərzində apardığı mübarizənin nəticəsini ifadə edir. Sərəncamda da vurğulandığı kimi, xalqımız tarix boyu ağır sınaqlarla üzləşsə də, dövlətçilik idealından imtina etməyib, müstəqil dövlətini qorumaq əzmini daim nümayiş etdirib. Bu gün ərazi bütövlüyünün və dövlət suverenliyinin tam təmin olunması Azərbaycanın ən böyük milli sərvətlərindən biri kimi qiymətləndirilir”.

Bu fikirləri Milli Məclisin deputatı Novruzəli Aslanov aia.az-a açıqlamasında bildirib.

Deputat Ermənistanın təxminən 30 il davam edən işğal siyasətinin beynəlxalq hüququn fundamental prinsiplərinə zidd olduğunu qeyd edib. Onun sözlərinə görə, Azərbaycan ərazilərinin işğalı, yüz minlərlə insanın doğma yurdlarından didərgin salınması, şəhər və kəndlərin dağıdılması, tarixi-mədəni irsin məhv edilməsi təkcə Azərbaycana deyil, beynəlxalq hüquq sisteminə də ciddi zərbə vurub.

“BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrin uzun illər icra edilməməsi mövcud hüquqi mexanizmlərin səmərəsizliyini nümayiş etdirdi. Lakin 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi vəziyyəti kökündən dəyişdi.

Ermənistanın hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hərbi əməliyyatlar nəticəsində ərazilərin əhəmiyyətli hissəsinə nəzarəti bərpa etdi. Digər ərazilər isə 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata əsasən Azərbaycana qaytarıldı.

Suverenliyin tam bərpasına aparan mühüm addımlardan biri də 2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılması oldu. Bu addım Azərbaycanın dövlət sərhədlərinə nəzarətinin təmin olunması və dövlət hakimiyyətinin ardıcıl şəkildə bərpası baxımından mühüm əhəmiyyət daşıyırdı.

Ardınca 2023-cü il sentyabrın 19-da həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində bölgədəki qanunsuz silahlı birləşmələr tərk-silah edildi və Azərbaycanın Konstitusiya quruluşunun bütün ölkə ərazisində bərpası təmin olundu.

Bu gün Azərbaycan tam suveren dövlət kimi yeni inkişaf mərhələsini yaşayır. Daxili sabitliyin möhkəmlənməsi, iqtisadi inkişafın davam etdirilməsi və beynəlxalq əlaqələrin genişləndirilməsi suveren dövlət kimi Azərbaycanın qarşısında yeni imkanlar açır.

Dövlət Suverenliyi Günü milli birliyin, dövlətçilik ənənələrinin və gələcəyə inamın rəmzi kimi xüsusi əhəmiyyət daşıyır”, – deyə Novruzəli Aslanov bildirib.

.