Geosiyasətdən az da olsa anlayışı olan hər kəs bilir ki, Cənubi Qafqaz dünya üçün bir növ “həyat yolu”na çevrilib və qlobal ticarətin böhrana düşməsinin qarşısını alır. Türkiyə Prezidentinin Antalyadakı çıxışında Cənubi Qafqazı bütün dünya üçün nümunə adlandırması şişirtmə deyil. Bu region həqiqətən də münaqişələrin həlli modeli ola bilər.
Bu fikirləri Utro.Az-a Milli Məclisin deputatı Novruz Aslan bildirib.
Onun sözlərinə görə, Cənubi Qafqazda sülh region ölkələrinin, ilk növbədə isə Azərbaycanın xidmətidir. Azərbaycanın illərlə həllolunmaz hesab edilən münaqişəni həll etməsi düşünülmüş strategiya və düzgün taktikanın nəticəsidir. Ölkəmiz həm də sülh prosesinin təşəbbüskarı olub və bu kurs Ermənistanın indiki rəhbərliyi tərəfindən davam etdirilib.
Deputat qeyd edib ki, Cənubi Qafqaz göstərdi ki, münaqişələri yalnız tərəflərin özü həll edə bilər. Hərbi və ya danışıqlar yolu isə vəziyyətdən asılıdır. Ən böyük uğur isə müharibədə qalib gəlib keçmiş düşmənə sülh əli uzatmaqdır.
Novruz Aslan bildirib ki, regionun cənubunda və şimalında müharibələr davam etdiyi halda, Azərbaycan, Ermənistan və Gürcüstan sülh şəraitində yaşayır, iqtisadi əlaqələr qurur və birgə layihələri müzakirə edir. Qarabağ münaqişəsinin başa çatmasından sonra yaranmış sabitlik region üçün həyati əhəmiyyət daşıyır.
O vurğulayıb ki, Prezident İlham Əliyev artıq altı ildir Cənubi Qafqazın gələcəyindən, mehriban qonşuluqdan, kommunikasiyalardan və iqtisadi əməkdaşlıqdan danışır. Azərbaycanın Ermənistan üçün üçüncü ölkələrdən tranzitə şərait yaratdığını, hətta yanacaq ixrac etdiyini xatırladan deputat bunun münaqişədən qısa müddət sonra baş verdiyini qeyd edib.
“Sülh olan yerdə rifah var, inkişaf var. Bu proses geri dönməz olmalıdır. Əks halda, regionda yenidən gərginlik yaratmaq istəyən qüvvələr bundan istifadə etməyə çalışacaqlar”, - deyə o bildirib.
Novruz Aslan hesab edir ki, son vaxtlar keçmiş Qarabağ sakinlərinin Avropa İnsan Hüquqları Məhkəməsinə Azərbaycan əleyhinə iddialar təqdim etməsi də müəyyən dairələrin yeni ssenarisinin tərkib hissəsidir. Onun fikrincə, Ermənistanın revanşist qüvvələri və bəzi xarici lobbilər bu prosesi təşviq edir.
Deputat Nikol Paşinyanın Qarabağa qayıdış mövzusunun Ermənistanın maraqlarına zidd olduğunu deməsini ağıllı mövqe adlandırıb. O qeyd edib ki, belə bəyanatlar seçki ərəfəsində riskli olsa da, reallığa əsaslanır.
Novruz Aslan vurğulayıb ki, Qarabağ ermənilərinə vaxtilə Azərbaycan cəmiyyətinə inteqrasiya və tam vətəndaşlıq təklif olunub. Reinteqrasiya proqramının hələ də qüvvədə olduğunu deyən deputat, qayıdışın yalnız Azərbaycan qanunları əsasında mümkün olduğunu bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında imzalanacaq sülh sazişi beynəlxalq məhkəmələrdə qarşılıqlı iddialardan imtinanı da nəzərdə tutur və bu məsələ xüsusilə Ermənistan üçün vacibdir.
“Sülhə alternativ yoxdur. Regionun gələcəyi əməkdaşlıqda, kommunikasiyaların açılmasında və mehriban qonşuluqdadır”, - deyə deputat əlavə edib.
