Bu, qalmaqaldır. Birmənalı şəkildə demək olar ki, bu, biabırçılıqdır. Daha dəqiq desək, lobbiçi Okampo-nun oğlu ilə apardığı söhbətin səs yazısında səslənən özünü ifşaedici məqamlar siyasi və ya ictimai fəaliyyətlə məşğul olan hər kəs üçün biabırçılıq olmalı idi. Amma bu gün, Okampo kimi keçmiş Beynəlxalq Cinayət Məhkəməsi prokuroru kimilərinin sayəsində siyasi etika və mənəviyyat aşındığı üçün biabırçılıq artıq “üstünlük”ə çevrilir.
Bu barədə Utro.Az-a Milli Məclisin deputatı Novruz Aslan bildirib.
Həmsöhbətin fikrincə, baş verənlər gözlənilməz olmayıb. Erməni diasporunun nə qədər geniş fəaliyyət göstərdiyi və onun orbitinə nə qədər tanınmış şəxslərin daxil olduğu çoxdan məlumdur.
"Dialoq iştirakçılarının çıxışlarındakı açıq cinizm adamı narahat edir. Digər dövlətlərin maraqlarının Avropa resurslarından istifadə edilərək necə pozulmasının planlaşdırılması açıq şəkildə müzakirə olunur. Mənəviyyat hansı səviyyəyə düşməlidir ki, belə açıq şəkildə başqa ölkələrin taleyi həll olunsun, kiminsə 'aradan götürülməsi', nəyinsə məhv edilməsi müzakirə edilsin. Xüsusilə də bu sözləri demokratiya, insan haqları barədə ən çox danışan və pafoslu narrativlər irəli sürən insanlar deyir", — deyə deputat bildirib.
Novruz Aslan səs yazısının həqiqiliyi ilə bağlı şübhələrin ortaya atılacağını, bunun süni intellekt məhsulu olduğu deyiləcəyini istisna etmir. Lakin onun fikrincə, bu materiallar yayımlanmadan əvvəl onların həqiqiliyi yoxlanılıb, əks halda Azərbaycanın aparıcı media orqanlarında dərc olunmazdı.
Aslanın sözlərinə görə, fakt faktdır. Avropa İttifaqı Ermənistana ikinci missiyanı göndərməyə hazırlaşır, guya seçkilərlə bağlı hibrid təhdidlərə qarşı mübarizəyə yardım məqsədilə. Belə olan halda sual yaranır: Avropa İttifaqının Ermənistan hökumətinə və regionda sülh prosesinə dəstəyi ilə bağlı bəyanatları sadəcə görüntü yaratmaq üçün idimi?
"Bunu ümumiləşdirməyək. Söhbət səs yazısında Aİ-dən yox, lobbi fəaliyyətindən gedir. Bütün təsir imkanlarına baxmayaraq, diasporun əlləri Avropa İttifaqını öz maraqlarını unutduracaq qədər uzun deyil. Bununla belə, Azərbaycana münasibətdə soyuqluğu daim hiss edirik. Məsələn, azad edilmiş ərazilərin bərpası prosesində. Aİ bu prosesdə yalnız kiçik istisnalarla iştirak edir. Əvəzində isə Ermənistana 200 milyon avro ayrılır", — deyə deputat qeyd edib.
Novruz Aslanın fikrincə, yayılan səs yazısının məzmunu konkret proqramın mövcudluğunu təsdiqləyir və bu proqramın həm sponsoru, həm də icraçıları var. Yeganə hələ də aydın olmayan məsələ bu prosesdə rəsmi İrəvanın nə dərəcədə iştirak etməsidir.
"Təbii ki, nə Okampo, nə də Borrell bütün Avropanı və Avropa İttifaqını təmsil etmir. Bununla belə, lobbi müəyyən təsir və vasitələrə malikdir və revanşist narrativləri irəlilətməyə çalışır. Elə görünə bilər ki, bütün proses Nikol Paşinyana qarşı yönəlib, amma əslində hədəf Azərbaycandır. Çünki ölkəmizin uğurları bəzi təsirli dairələri narahat edir. Onlar Azərbaycanın qələbəsini və Cənubi Qafqazda sülhün onların iştirakı, məsləhəti və maraqları nəzərə alınmadan formalaşmasını hələ də qəbul edə bilmirlər.
Bir sözlə, Okampo-nun açıqlamaları qəzəbləndiricidir və bu gün əsas dəyərlərin nə qədər aşındığını göstərir. Maskalar düşüb və Okampo kimi şəxslər artıq öz həqiqi simalarını göstərməkdən çəkinmirlər və qorxmurlar", — deyə Novruz Aslan bildirib.

.