İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla keçirdiyi görüşdə İsrailin Vaşinqtonun sorğusu olmadan öz təşəbbüsü ilə İrana zərbə endirməyəcəyini bildirib.
Bu barədə Associated Press agentliyi israilli mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Netanyahu Trampa deyib ki, İran İsrailə hücum edəcəyi təqdirdə, yəhudi dövləti cavab zərbələri endirmək hüququnu özündə saxlayır.
Baş nazir, həmçinin İsrailin İranla bağlı əldə etdiyi yeni kəşfiyyat məlumatlarını ABŞ-la bölüşməyə davam edəcəyini qeyd edib.
Netanyahu bildirib ki, Vaşinqtonun İranla bağlı siyasətində Yaxın Şərqdəki ərəb müttəfiqlərinin mövqeyini nəzərə almaq məcburiyyətində olduğunu anlayır. O vurğulayıb ki, İsrail İran məsələsində ABŞ-a tam etibar edir və Prezident Donald Trampın verəcəyi istənilən qərarı dəstəkləyəcək.
Qeyd edək ki, Netanyahu ilə Trampın görüşündən əvvəl Al-Monitor portalı mənbələrə istinadən İsrail Baş nazirinin ABŞ prezidentinə İrana qarşı yeni zərbələrlə bağlı plan təqdim etməyi nəzərdə tutduğunu yazmışdı. Məlumata görə, potensial hədəflər sırasında İranın sənaye obyektləri, körpüləri və dəmir yolu infrastrukturu yer alırdı.
.
