Azərbaycanda daimi və ya müvəqqəti qeydiyyatda olan, mülkiyyət formasından asılı olmayaraq bütün mexaniki nəqliyyat vasitələrinin və qoşqularının (yarımqoşqularının) dövlət texniki baxışı üçün nəzərdə tutulan müddət ləğv olunub.

Nazirlər Kabineti bununla bağlı "Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamə”də dəyişiklik edib.

Sənədi Baş nazir Novruz Məmmədov imzalayıb.

İndiyədək Əsasnamədə qeyd olunub ki, respublika ərazisində daimi və ya müvəqqəti qeydiyyatda olan, mülkiyyət formasından asılı olmayaraq bütün mexaniki nəqliyyat vasitələrinə və qoşqularına (yarımqoşqularına) dövlət texniki baxışı yanvarın 1-dən oktyabrın 31-dək olan müddətdə həyata keçirilir. Dəyişikliklə bu müddət məhdudiyyəti götürülüb.

Əsasnaməyə əsasən, texniki baxış belə həyata keçirilir: Tramvaylar və trolleybuslar, hüquqi və fiziki şəxslərin yarış məqsədli idman nəqliyyat vasitələri, Silahlı Qüvvələrin və digər birləşmələrin mexaniki nəqliyyat vasitələri, həmçinin avtobuslar, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələri, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələri ildə 1 dəfə texniki baxışdan keçir.

Hüquqi və fiziki şəxslərə məxsus olan (Silahlı Qüvvələrdən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşqularına görə:

İstehsal olunduqları vaxtdan 4 keçdikdə 2 ildə bir dəfə, istehsal olunduqları vaxtdan 10 il keçdikdə ildə 1 dəfə texniki baxışdan keçməlidirlər.

Azərbaycanda daimi və ya müvəqqəti qeydiyyatda olan, mülkiyyət formasından asılı olmayaraq bütün mexaniki nəqliyyat vasitələrinin və qoşqularının (yarımqoşqularının) dövlət texniki baxışı barədə talon elektron qaydada veriləcək

Nazirlər Kabineti bununla bağlı "Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamə”də dəyişiklik edib.

Əsasnaməyə əsasən, nəqliyyat vasitələrində nasazlıqlar aşkar edildikdə nəqliyyat vasitəsinin sahibinə həmin nasazlıqlar barədə bildiriş verilir. Bildirişdə qeyd edilən nasazlıqlar təkrar aşkar edilərsə həmin nasazlıqlar aradan qaldırılmayanadək nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon tərtib olunmur.

Nasazlıqlar aradan qaldırıldıqdan sonra nəqliyyat vasitəsinin həmin hissələrinə yenidən texniki baxış keçirilir.

Yeniliyə əsasən, bildirişdə qeyd edilən nasazlıqlar müəyyən edilmədikdə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi vasitəsilə nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon tərtib olunur.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməsi barədə elektron talon tərtib olunduğu anda onu dərhal elektron qaydada Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN ödəniş” sisteminə göndərir. "ASAN ödəniş” sistemi texniki baxış haqqında elektron talonu hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə yerləşdirir və onu şəxsin elektron ünvanına (olduğu halda) göndərir. Texniki baxışdan sonra beynəlxalq sərnişin və yük daşımalarında iştirak edən nəqliyyat vasitələrinin sahiblərinin müraciəti əsasında onlara, həmçinin kağız daşıyıcıda texniki baxış talonu verilir.

.