Yenizaman.az Arb Cənub-a istinadən xəbər verir ki, Neftçala rayonunun Bankə qəsəbəsində məktəb binası uzun illərdir ki, baxımsız qaldığından yararsız vəziyyətə düşüb. Bu səbəbdən də şagirdlərin dərs keçməsində çətinliklər yaranıb. Digər tərəfdən də məktəbin istilik sisteminin olmaması vəziyyəti daha da çətinləşdirib.Neftçala rayonunun Bankə qəsəbəsindəki 20 yanvar şəhidi Əbülfəz Cəfərovun adını daşıyan 1 saylı tam orta məktəbində şagirdlərin sayı ilbəil azalır. Vaxtı ilə 1176 şagird yerlik olan bu məktəbdə təhsil alan 1000 nəfər şagirdin sayı indi 400 nəfərə düşüb. Buna səbəb məktəbin qəzalı vəziyyətə düşməsidir. Bir tərəfdən şəraitsizlik, digər tərəfdən təhsil ocağında istilik sisteminin olmaması valideynləri övladlarını başqa məktəblərə göndərməsinə məcbur edib.
Qeyd edək ki, ötən əsrin 80-ci illərində tikilərək istifadəyə verilən məktəb binası o vaxtdan bu günə kimi bir dəfə də olsun əsaslı təmir edilməyib. Nəticədə məktəbin döşəmələri, qapı-pəncərələri sıradan çıxıb, divarlarların suvaqları uçularaq yararsız vəziyyətə düşüb. Qazanxananın işlək vəziyyətdə olmasına baxmayaraq su boruları korroziyaya uğradığndan məktəbə istilik verilməsində çətinlik yaranıb. Bu da şagirdlərin dərsə davamiyyətinə öz təsirini göstərib. Dərsə gələn şagirdlər isə sinif otaqlarında qalın geyimlərdə dərs keçmək məcburiyyətində qalıblar.
Məktəbin indiki durumu valideynlərin də ciddi narahatlığına səbəb olub.
Bununla bağlı Neftçala rayon Təhsil Şöbəsi ilə əlaqə saxladıq. Təhsil şöbəsindən bildirildi ki, əsaslı təmirə ciddi ehtiyacı olan məktəblə əlaqədar müvafiq qurumlara məlumat verilib. Növbəti ildə məktəbdə əsaslı təmir işlərinin aparılacağı nəzərdə tutulub. Qeyd edək ki, şəhidin adını daşıyan qəzalı məktəbdən əlavə Neftçalada 22 məktəbin əsaslı təmirə, 16 məktəbin isə yeni tikintisinə ciddi ehtiyac var.
