Nazirlər Kabinetinin iclasında baxılacaq məsələlər və materiallar haqqında kütləvi informasiya vasitələrinin məlumatlandırılması, iclas başa çatdıqda Nazirlər Kabineti üzvlərinin iclaslarda baxılmış məsələlərə dair mətbuat konfransının (brifinqin) təşkili, vətəndaşların iclasda baxılmış məsələlər və bu məsələlərə dair qəbul olunmuş qərarlar haqqında kütləvi informasiya vasitələri ilə məlumatlandırılması Nazirlər Kabinetinin Aparatı tərəfindən təmin ediləcək.
Bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilən "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası”nda əksini tapıb.
İş qaydasına əsasən, Nazirlər Kabinetinin iclası açıq keçirilir.
Nazirlər Kabinetinin iclasına sədrlik edənin təşəbbüsü ilə Nazirlər Kabinetinin iclası qapalı da keçirilə bilər. Qapalı iclas keçirilərkən (ayrı-ayrı məsələlər qapalı müzakirə olunarkən) materialların hazırlanması, iclaslara buraxılış, stenoqraflama, protokolların və qəbul edilən aktların tərtibi məxfi sənədlərlə müəyyən olunmuş iş qaydalarına və məxfilik rejiminə riayət olunmaqla həyata keçirilir.
Nazirlər Kabinetinin iclasında kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı, video və fotoçəkilişlərin, habelə səsyazmanın aparılması qaydası Nazirlər Kabineti Aparatının rəhbəri tərəfindən müəyyən olunur.
Nazirlər Kabinetinin iclasının stenoqrafik, audio və videoyazılışı Nazirlər Kabinetinin Aparatı tərəfindən təmin edilir. Qapalı iclasın (qapalı müzakirənin) audio və videoyazılışı aparılmır.
İclasda iştirak edən şəxslərin iclasa video və fotoaparatlar, səsyazma qurğuları, habelə rabitə vasitələri gətirməsinə icazə verilmir.
Deputatların baş nazirə ünvanladığı sorğulara 15 gündən gec olmayaraq cavab veriləcək
Azərbaycan Milli Məclisinin deputatlarından Baş nazirin və ya onun müavinlərinin ünvanına daxil olmuş sorğulara cavab layihələri Nazirlər Kabinetinin Aparatı tərəfindən 15 gündən gec olmayaraq hazırlanacaq.
Bu da , Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilən "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası”nda əksini tapıb.
Sənədə əsasən, Nazirlər Kabinetinin digər üzvlərinə daxil olmuş sorğulara cavablar aidiyyəti mərkəzi icra hakimiyyəti orqanı tərəfindən hazırlanmalıdır. Sorğulara cavab vermək üçün Baş nazir və ya onun tapşırığı ilə Nazirlər Kabinetinin digər üzvləri Milli Məclisin iclaslarında iştirak edirlər.
Milli Məclis Nazirlər Kabinetinə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair sorğu ilə müraciət etdikdə, Nazirlər Kabinetinin sorğuya cavabının layihəsi Baş nazirin tapşırığı ilə aidiyyəti mərkəzi icra hakimiyyəti orqanı (orqanları) tərəfindən hazırlanır.
Milli Məclisin sorğusuna cavab Nazirlər Kabinetini təmsil edən səlahiyyətli şəxs tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin iclasında bir aydan gec olmayaraq təqdim edilir.
