
“Bütün məktəblər əyani təhsilə qayıdıb”.
Bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hazırda distant təhsildə olan məktəb və sinif yoxdur: “Müəllim və şagirdlər arasında əsaslı yoluxma sayı yoxdur. Nəzərə alsaq ki, gün ərzində ölkə üzrə yoluxma sayı yetərincə azdır, bu səbəbdən ayrı-ayrı yerlərdə tək-tük xəstələnmə halı müşahidə edilə bilər. Hesab edirəm ki, mövcud şəraitdə məktəblərdə ciddi problem yaşanmır”.
Nazir xatırladıb ki, ali təhsil müəssisələrində hazırda bəzi istisnalarla tədris ehtiyatlı şəkildə həyata keçirilir, məktəb və bağçalarda isə pandemiya şərtləri Nazirlər Kabineti yanında Operativ Qərargahın ən son qaydalarına əsasən təşkil edilir.
Emin Əmrullayev: "Məktəblərdə maska tələbi qüvvədədir”
“Hələ də məktəbdə müəllimlərin maska taxması və digər tələblər qüvvədədir”.
Bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev bildirib.
Onun sözlərinə görə, indiki vəziyyət əvvəlki dövrdən qat-qat yaxşıdır.
“Bu da təhsil işçilərinin vaksinasiya prosesində fəal iştirak etməsi ilə əlaqəlidir. Təhsil işçilərinin təxminən 97%-i peyvənd olunub. Əvvəldən də vəd etdiyimiz kimi, vaksinasiya göstəricisinin yüksək olmasından irəli gələrək üzbəüz təhsildə davamlılıq əldə etmişik. Artıq tədris ilinin sonuna yaxınlaşırıq. Ötən müddət ərzində də heç bir ciddi qapanmalara gedilmədi”, - nazir vurğulayıb.
Aprelin sonundan Regional Təhsil İdarələri fəaliyyətə başlayacaq
"Yaxın günlər ərzində Regional Təhsil İdarələrinə yerdəyişmələrin aparılmasına başlanılacaq".
Bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, artıq Regional Təhsil İdarələrinin strukturu təsdiq olunub:
"Yaxın günlər ərzində yerli təhsil şöbələrində çalışan insanların yeni struktura köçürülməsi, eləcə də müvafiq qaydada yeni təyinatların olması nəzərdə tutulub. Hesab edirəm ki, bu ayın sonuna qədər Regional Təhsil İdarələrinin ilkin səviyyədə tam fəaliyyəti təmin ediləcək" - deyə nazir qeyd edib.
"Son zəng" tədbirləri əvvəlki qaydada keçirilə bilər
Məktəblərdə "Son zəng" tədbirinin hansı qaydada keçirilməsi məsələsinə aydınlıq gətirilib.
Təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib ki, pandemiya ilə əlaqədar mövcud şərait davam edərsə, mərasimlər ənənəviyə yaxın formatda keçirilə bilər:
"Bu haqda danışmaq hələ tezdir. Tədris ilinin başa çatmasına 2 aya yaxın vaxtımız var. Ümumiyyətlə, bu tip qərarlar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən mövcud vəziyyətə uyğun olaraq verilir. Lakin müşahidə olunan şərat davam edərsə, təbii ki, ənənəviyə yaxın formatda keçirilməsi istisna edilmir" - deyə nazir qeyd edib.
.