Xəzər dənizinin su səviyyəsinin son onilliklərdə davamlı şəkildə aşağı düşməsi artıq proqnoz deyil, real ekoloji problemdir.
Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) çərçivəsində keçieilən panel sessiyadakı çıxışında deyib.
“Sahilyanı zonaların dəyişməsi, ekosistemlərin daralması, suiti və nərə balıqları kimi növlər üçün risklərin artması bu prosesin əsas ekoloji nəticələrindəndir. Xəzərin dayazlaşması sahilyanı icmaların həyatına və regionda sahilyanı iqtisadi fəaliyyətə ciddi təsir göstərə bilər. Bu problemin həlli yalnız milli səviyyədə atılan addımlarla məhdudlaşa bilməz. Xəzəryanı dövlətlərin birgə səyləri və əlaqələndirilmiş fəaliyyətləri vacibdir”,- Rauf Hacıyev bildirib.
O, su səviyyəsinin müxtəlif ssenariləri üzrə praktik və qabaqlayıcı tədbirlərin hazırlanması və həyata keçirilməsi xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
“Xəzər dənizinin mövcud vəziyyətinin öyrənilməsi və bu istiqamətdə atılan addımlar gələcəkdə digər su hövzələrinin üzləşə biləcəyi oxşar problemlərin həlli üçün də mühüm təcrübə formalaşdıra bilər”, - nazir müavini qeyd edib.
.
