Qəsdən adam öldürməkdə və zorlamada ittiham olunan Çingiz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 


Teleqraf.com xəbər verir ki, cinayət işi Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. 


Çingiz Əsgərov Cinayət Məcəlləsinin 120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə) və 149.1-ci (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) maddəsi ilə ittiham edilib. 

 

İttihama görə, Çingiz Əsgərov qadını zorlayıb və daha sonra cinayətin izini itirmək məqsədilə onu öldürüb. 


Cinayət işi hakim Səxavət Novruzovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Proses qapalı keçirilib. 


Məhkəmənin hökmü ilə Çingiz Əsgərov 17 il müddətinə azadlıqdan məhrum edilib. 


.