
"Türkiyə, Şimali Kipr və Azərbaycan 3 dövlət bir millətdir".
Bunu Şimali Kipr Türk Respublikasının Turizm və Ətraf Mühit Nazirliyinin müşaviri Serdar Aktunç deyib.
Serdar Aktunç Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Respublikasını "3 dövlət bir millət" adlandırıb:
"İlk dəfədir ki, Bakıya gəlirəm və şahidi oldum ki, bizləri bir-birimizə çox sıx əlaqələr bağlayır. Türkiyə və Azərbaycan "2 millət bir dövlət" adlandırılır, lakin mən deyirdim ki, biz 3 dövlət bir millətik. Ölkələrimizi oxşar cəhətləri çoxdur, hər bir ölkə ərazisinin işğalı ilə bağlı çətinliklər yaşayıb. Azərbaycanın öz ərazilərini işğaldan azad etməsinə Şimali Kipr də çox sevindi. Bu tarixi qələbədən sonra Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi tarixi hadisədir".
Serdar Aktunç Azərbaycan vətəndaşlarını Şimali Kiprin mədəniyyəti, tarixi yerləri ilə tanış olmağa çağırıb.
"Azərbaycanla Şimali Kipr arasında iqtisadi əlaqələr fonunda turizm sektorunun da müstəsna rolu var ki, pandemiya dövründə bu əlaqələrin zəifləməsi kimi hala şahid olduq, lakin artıq bu sektorda fəaliyyətin yenidən əvvəlki vəziyyətə qayıtması üçün ciddi addımlar atılır. Biz istəyirik ki, Azərbaycan vətəndaşları Şimali Kiprin mədəniyyəti, tarixi və gəzməli, görməli yerləri ilə tanış olsun".
Aktunç həmçinin ölkələrimiz arasında təhsil sahəsindəki əlaqələri yüksək qiymətləndirib, Azərbaycanlı gənclərin Şimali Kipr universitetlərində təhsil almaq istəyini alqışlayıb.
Pandemiya dövründə təhsil sahəsində əlaqələrin zəifləməsi məsələsinə toxunan Aktunç gələcəkdə bu əlaqələrin də pandemiyadan əvvəlki səviyyəyə qayıdacağına ümid etdiyini bildirib.
.