Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarında Zəfər Gününün beşilliyi münasibəti ilə konfrans keçirilib.

FHN-dən verilən xəbərə görə, tədbirdə FHN-in Mülki müdafiə qoşunlarının (MMQ) şəxsi heyəti, Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun Qərbi Azərbaycan Tarixi Şöbəsinin müdiri elmlər doktoru Cəbi Bəhramov, sabiq korpus komandiri, Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının sabiq rəis müavini, ehtiyatda olan polkovnik Şair Ramaldanov, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəsi Orxan Əliyev, Vətən müharibəsi qaziləri – xüsusi təyinatlı qüvvələrin ehtiyatda olan baş-leytenantı Vüsal Yolçuyev və ehtiyatda olan giziri Cümşüd Hüseynov iştirak ediblər.

Əvvəlcə, tədbir iştirakçıları MMQ-nin inzibati binasının həyətində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək Dahi Rəhbərin əziz xatirəsinə öz ehtiramlarını bildiriblər. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər Vətən müharibəsində rəşadətli Ordumuzun qazandığı möhtəşəm qələbə sayəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi ilə yanaşı, həm də bu tarixi Zəfərin hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olduğunu vurğulayıblar. Natiqlər 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən ətraflı bəhs edib, qarşıdan gələn Zəfər Günü münasibətilə şəxsi heyəti və tədbir iştirakçılarını təbrik ediblər.

Vətən müharibəsi qaziləri Vüsal Yolçuyev və Cümşüd Hüseynov 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimizin göstərdiyi rəşadətdən, əsgər və zabitlərimizin qəhrəmanlığından söz açıb, döyüş xatirələrini bölüşüblər. Çıxış edənlər Ümumilli Lider Heydər Əliyevin ordu quruculuğuna verdiyi əvəzsiz töhfələrdən danışıb, Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Prezidenti cənab İlham Əliyevin qazi və şəhid ailələrinə göstərdiyi ali diqqət və qayğısından bəhs ediblər.

Sonda Vətən müharibəsi qaziləri şəxsi heyətlə xatirə şəkilləri çəkdiriblər.

.