Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonunda Xalq rəssamı Tahir Salahovun xatirə gecəsi keçirilib.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Rusiya və Azərbaycanın ictimaiyyətinin tanınmış nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində Tahir Salahovun şəxsi kolleksiyalarda olan əsərlərindən ibarət sərgi təşkil olunub və Raya Abbasovanın Xalq rəssamının həyat və yaradıcılığından bəhs edən “Dialoq” kitabının təqdimatı baş tutub.

Eyni zamanda, xatirə gecəsində Tahir Salahovun nəvəsi Kayhan Salahovun “Sonsuzluq” adlı videoinstallyasiyası təqdim olunub.

“Azərbaycan” pavilyonunun baş direktoru Səadət Kadırova Tahir Salahovun xatirə gecəsinin əlamətdar hadisə olduğunu bildirib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva xatirə gecəsinin qonaqlarına tədbirdə iştiraka görə təşəkkürünü bildirib: “Bugünkü tədbirin Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonunda, Moskvada, Tahir Salahovun doğma Bakı kimi qəlbinə yaxın olan şəhərdə keçirilməsi çox simvolikdir. Yaradıcılığı ilə dünyanı fəth etməsinə baxmayaraq, Tahir Salahovun həyatının başlıca məqamları məhz Rusiya və Azərbaycanda keçib. Məhz burada onun nadir üslubu və yaradıcılıq xarakteri yaranıb. İncəsənət dünyanı daha da yaxşılaşdırır. Tahir Salahovun yaradıcılığı sayəsində biz onun işıqlı, harmoniya və hislərlə dolu dünyasını görürük. Bu heyrətamiz insanla eyni dövrdə yaşamaq, onunla ünsiyyət qurmaq, tanış olmaq bizə nəsib olub. Vətənə, təbiətə və insanlara sevgi onu incəsənətə aparıb. Tahir Salahovun qəhrəmanları onun müasirləri - neftçilər, yazıçılar və bəstəkarlardır. O, obraz yaratmır, insanlar yaradır. Ona görə də Tahir Salahovun işlərinə baxarkən inanırıq və hiss edirik ki, onun işləri həqiqidir, onlar həyatın özü kimi canlıdır. Mən sizə təşəkkür edirəm ki, bu gün siz bizimləsiniz. Tahir Salahovun ailəsinə, verdiyi dəstəyə görə Zelfira Trequlovaya, bu tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür edirəm. İstərdim ki, Tahir Salahovun zəngin irsi bundan sonra da xalqlarımızı yaxınlaşdırmağa davam etsin və gənc istedadların yolunu açsın”.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu xatirə gecəsini və sərgini təşkil edən Heydər Əliyev Fonduna təşəkkürünü bildirib. O qeyd edib ki, Fond və onun Rusiya nümayəndəliyi Azərbaycan və Rusiya arasında münasibətlərin dəstəklənməsi üçün çox işlər görür: “Unudulmaz rəssam, unudulmaz insan, əsrarəngiz filosof… Şanslıyam ki, 1960-cı illərin əvvəllərindən bəri Tahir Salahovla bir çox səfərdə olmuşuq. 1968-ci ildə Meksikada təxminən 20 günü birlikdə keçirmişik. Bunlar unudulmaz günlər idi. O günlər ömrümüzün sonuna kimi yaddaşımızda qalacaq. Tahir Salahovun bu gün yanımızda olmadığını təsəvvür etmək çətindir. Amma onun rəsm əsərləri var. Tahir Salahovun bir şəxsiyyət, bir insan kimi xatirəsi hər zaman yaddaşımızda qalacaq. Deyirlər ki, insan xatırlanırsa, demək o, hələ sağdır. Tahir Salahovu isə çox insanlar xatırlayır”.

Dövlət Tretyakov Qalereyasının baş direktoru Zelfira Trequlova qeyd edib ki, Tahir Salahov böyük sənətkar, inanılmaz daxili gözəlliyə və müdrikliyə malik bir insan olmaqla yanaşı, təvazökar və incə insan idi: “Mən ona bir insan kimi hədsiz dərəcədə hörmət edirdim və rəssam kimi ona heyran idim. Tretyakov Qalereyasına gələndə uzun illər düşündüyümü və xəyal etdiyimi həyata keçirə bildim, Tretyakov Qalereyasında Tahir Salahovun parlaq retrospektivini, sərgisini təşkil etdim. Bu, 2016-cı il idi və Tahir Salahovun Tretyakov Qalereyasında ilk sərgisi idi”.

.