Moskvada Müstəqil Dövlətlər Birliyi Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir.

Azərbaycanı iclasda xarici işlər nazirinin müavini Samir Şərifov təmsil edir.

Rusiya Xarici İşlər Nazirliyinin Qəbullar Evində keçirilən iclasda gündəmdə duran beynəlxalq və regional məsələlər barədə fikir mübadiləsi aparılacağı və bu il qeyd olunan MDB-nin 35-ci ildönümü kontekstində Birlik formatında prioritet iş sahələrinin müzakirə ediləcəyi bildirilib.

Xatırladaq ki, 2026-cı ildən MDB-yə Türkmənistan sədrlik edir.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova iclasın yekununda xarici siyasət koordinasiyasının gücləndirilməsinə və hüquq-mühafizə, mədəni və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinə yönəlmiş bir sıra qərarların qəbul edilməsinin gözlənildiyini açıqlayıb.

Nazirlərin Rusiyanın iki təhsil müəssisəsinə MDB-yə üzv dövlətlərin baza təşkilatları statusunun verilməsi məsələsini nəzərdən keçirəcəkləri də gözlənilir.

Bundan əlavə, iclas zamanı MDB daxilində Çoxsəviyyəli Nazirliklərarası Məsləhətləşmələr Planının və MDB-yə üzv dövlətlərin Xarici İşlər nazirlikləri arasında Genişləndirilmiş Tərəfdaşlıq üzrə Fəaliyyət Proqramının 2025-ci ildəki icrasının nəticələri ümumiləşdiriləcək.

Təsdiq edilmiş sənədlərin əksəriyyəti sonradan təsdiq üçün MDB dövlət və hökumət başçıları şurasına təqdim ediləcək.

İclasının yekununda MDB Baş katibi Sergey Lebedev və Rusiya xarici işlər naziri Sergey Lavrovun birgə mətbuat konfransı keçirəcəyi də bildirilib.

.