Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAM) sədr müavini Samir Poladovun rəhbərlik etdiyi nümayəndə heyəti və digər dövlət qurumlarının nümayəndələri NATO-nun mənzil-qərargahında səfərdədirlər.

Bu barədə Azərbaycanın NATO yanındakı Nümayəndəliyinin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, səfərin məqsədi humanitar minatəmizləmə sahəsində Azərbaycan ilə NATO arasında əməkdaşlığın mövcud vəziyyətini müzakirə etməkdir.

Səfər çərçivəsində baş tutan görüşlər zamanı bu sahədə beynəlxalq tərəfdaşların dəstəyinin əhəmiyyəti, "Sülh və Təhlükəsizlik naminə Elm" proqramı çərçivəsində NATO ilə həyata keçirilən mövcud layihənin gedişi, humanitar minatəmizləmənin innovativ üsulları üzrə əməkdaşlıq, həmçinin gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Qeyd edilib ki, Azərbaycanın humanitar minatəmizləmə sahəsində NATO ilə uzunmüddətli və uğurlu əməkdaşlıq tarixi mövcuddur və bu əməkdaşlıq Alyansla birgə fəaliyyətin əsas istiqamətlərindən biri olaraq qalır.

 

.