 
                            Milli Məclis Zəfərin beşinci ildönümü ilə bağlı Bəyanat qəbul edib.
8 noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı deputat Vüqar Rəhimzadə oxuyub.
Bəyanatda deyilir:
“Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti 44 günlük Vətən müharibəsində həlledici rola malik olub. Azərbaycan xarici yardım olmadan müharibə aparmaq qabiliyyəti qazanıb. Müasir peşəkar ordu yaradılıb, hərb sənayesi gücləndirilib. Müstəqil xarici siyasətin həyata keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunu yüksəldib. Xalq-iqtidar və ordu arasında böyük birlik yaradılıb. Bütün siyasi qüvvələr ərazi bütövlüyünün bərpa edilməsi ətrafında birləşiblər. Azərbaycançılıq ideyalarından güc alan xalqımızın milli birliyi qələbənin mühüm amilindən biri olub. Təəssüf ki, Ermənistan müharibə dövründə beynəlxalq hüquq və prinsipləri pozaraq dinc əhaliyə qarşı dəhşətli cinayətlər törədib. Qarşı tərəfin qanlı hücumlarına və vəhşiliklərinə baxmayaraq, Azərbaycan Ordusu mülki şəxslər zərər vurulmasına yol verməyib.
Son 200 ilə yaxın dövrdə davakar erməni millətinin həyata keçirdiyi qəsbkarlıq siyasətinə son qoyulub.
Bu gün işğalçılar tərəfindən yerlə yeksan edilmiş şəhər və kəndlər bərpa olunur. Bölgədə Azərbaycanın gələcək inkişafının yeni modellərindən biri formalaşır.
Təəssüflə qeyd etməliyik ki, Ermənistanın basdırdığı minalar bərpa və quruculuq işlərinin sürətlə həyata keçirilməsinə mane olur. Bütün bunlara baxmayaraq, Azərbaycan sülh gündəliyinin irəli aparılması üçün siyasi iradə nümayiş etdirib.
Milli Məclis Azərbaycan Prezidentinin səylərini dəstələdiyini bildirərək, xalqımızı öz liderinin ətrafında daha da sıx birləşməyə səsləyir”.
. 
                        
                        
 
                     
                    