Tunellərin, o cümlədən metro tunellərinin, dəmir yolu, metropoliten və tramvay xətlərinin, stansiya və depoların tikintisi, quraşdırılması və genişləndirilməsi üçün zəruri torpaq sahələri dövlət ehtiyacları üçün alınacaq.

Bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Bununla bağlı Mülki Məcəlləyə də müvafiq dəyişiklik təklif olunur.

Beləliklə, Azərbaycanda metro və dəmir yolu infrastrukturunun inkişafı, eləcə də bu sahədə həyata keçirilən irimiqyaslı layihələrin vaxtında və səmərəli icrasının təmin edilməsi məqsədilə qanunvericiliyə dəyişiklik təklif olunur. Layihə metro və dəmir yolu infrastrukturu üzrə strateji əhəmiyyətli dövlət layihələrinin maneəsiz icrasını hüquqi baxımdan təmin etməyə yönəlib.

Qeyd edilib ki, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə Prezidentin 2025-ci il 30 yanvar tarixli sərəncamı ilə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” təsdiqlənib. Dövlət Proqramında nəqliyyat vasitələri parklarının yenilənməsi ilə yanaşı, yeni depoların, stansiyaların və xətlərin tikintisi, həmçinin mövcud infrastrukturun bərpası və təkmilləşdirilməsi ilə bağlı tədbirlər nəzərdə tutulur.

Hazırlanan qanun layihəsinin əsas məqsədi dövlət ehtiyacları üçün torpaq sahələrinin alınması prosedurlarını tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsidir.

Dəyişikliklər, xüsusilə tunellərin, o cümlədən metro tunellərinin, dəmir yolu, metropoliten və tramvay xətlərinin, stansiya və depoların tikintisi, bərpası və təkmilləşdirilməsi üçün zəruri torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması zamanı hüquqi mexanizmlərin daha dəqiq və birmənalı tətbiqini nəzərdə tutur.

Təklif olunan dəyişikliklərin mühüm nəqliyyat və kommunikasiya layihələrinin, xüsusilə metro və dəmir yolu infrastrukturunun genişləndirilməsinin sürətləndirilməsinə, torpaqların dövlət ehtiyacları üçün alınması prosesində hüquqi müəyyənliyin və şəffaflığın artırılmasına xidmət edəcəyi bildirilir.

Layihə, həmçinin dövlət və vətəndaş maraqlarının qanunvericilik çərçivəsində balanslaşdırılmasını hədəfləyir.

.