Mərkəzi Bankın İdarə Heyəti “Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar kredit təşkilatlarının müvəqqəti tənzimləmə Qaydası”nı təsdiqləyib.

Qayda mayın 1-dən qüvvəyə minib.

Bu Qayda Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar və xarici bankların yerli filiallarında kreditlərin təsnifləşdirilməsi və risk qrupları, kapitalın adekvatlıq əmsalı və onun hesablanması qaydasını müəyyən edir. Qayda koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş və ya zərər çəkməsi ehtimal olunan və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamında göstərilən meyarlar üzrə müəyyən edilmiş iqtisadi fəaliyyət sahələrində fəaliyyət göstərən hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə, sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslərə dövlət tərəfindən yaradılmış qurumların vəsaitləri hesabına verilmiş ipoteka kreditlərinə şamil edilir. Dövlət tərəfindən yaradılmış qurumların vəsaiti hesabına verilmiş güzəştli kreditlərə yalnız 1 mart 2020-ci il tarixinə qənaətbəxş təsnifat kateqoriyasında olanlar şamil edilir.

Qaydada əksini tapan kreditlərin təsnifləşdirilməsi tələbləri bank olmayan kredit təşkilatlarına da şamil edilir.

Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının I hissəsinin A bəndinin 8-ci tədbirinə müvafiq olaraq kredit faizləri subsidiyalaşdırılan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə verilmiş kreditlərin təsnifat kateqoriyası borcalanın maliyyə vəziyyətindən asılı olmayaraq subsidiyanın ödənildiyi tarixdən 30 sentyabr 2020-ci il tarixinədək pisləşdirilmir. 1 mart 2020-ci il tarixinə qənaətbəxş təsnifat kateqoriyasında olan və Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının I hissəsinin A bəndinin 8-ci tədbirinə müvafiq olaraq kredit faizləri subsidiyalaşdırılan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə verilmiş kreditlər restrukturizasiya olunduqda onun restrukturizasiyaya qədərki təsnifat kateqoriyası 30 sentyabr 2020-ci il tarixinədək pisləşdirilmir. 1 mart 2020-ci il tarixinə qənaətbəxş təsnifat kateqoriyasında olan və dövlət tərəfindən yaradılmış qurumların vəsaitləri hesabına verilən güzəştli kreditlər 30 sentyabr 2020-ci tarixinədək restrukturizasiya olunduqda kreditin restrukturizasiyaya qədərki təsnifat kateqoriyası pisləşdirilmir.

Tibbi ləvazimat və avadanlıqların istehsalçılarına verilən və təyinatı üzrə istifadə olunması sənədlərlə təsdiq edilmiş milli valyutada biznes kreditləri 20 faizli (0.2 əmsallı) risk qrupuna aid edilir. “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nın 9.3.8.2-ci, 9.3.8.3-cü, 9.3.9.1-ci, 9.3.9.2-ci, 9.3.10.1-ci yarımbəndləri və 9.4-cü bəndi istehlak kreditləri üzrə risk qruplarına 01 yanvar 2021-ci il tarixinədək şamil edilmir.

Sistem əhəmiyyətli banklar üzrə məcmu kapitalın adekvatlıq əmsalı 1 yanvar 2021-ci il tarixinədək 11 faizdən az ola bilməz.  Sistem əhəmiyyətli banklar istisna olmaqla, digər banklar üzrə məcmu kapitalın adekvatlıq əmsalı 1 yanvar 2021-ci il tarixinədək 9 faizdən az ola bilməz. 1 yanvar 2021-ci il tarixinədək kontr-tsiklik kapital buferi 0 faiz müəyyən edilir. I dərəcəli kapitalın və məcmu kapitalın adekvatlıq əmsallarının hesablanması zamanı bazar və əməliyyat riskləri bu Qayda qüvvəyə mindiyi gündən 01 yanvar 2021-ci il tarixinədək nəzərə alınmır.

Bankların kapital mövqeyinin və maliyyə dayanıqlığının qorunması məqsədilə ötən illərin nəticəsi üzrə dividend ödənişləri 30 sentyabr 2020-ci il tarixinədək təxirə salınmalıdır, 2020-ci il üzrə isə aralıq dividend ödənişləri həyata keçirilməməlidir. Bu Qayda 1 yanvar 2021-ci il tarixinədək qüvvədədir.

Bu Qaydanın tələbləri əsasında güzəşt tətbiq edilmiş borcalanlara dair məlumatlar Mərkəzi Bankın müəyyən etdiyi formada prudensial hesabatlarla birlikdə Mərkəzi Banka təqdim edilir. Bu Qaydanın qüvvədə olduğu müddətdə “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”, “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları” və Mərkəzi Bankın digər normativ xarakterli aktları bu Qaydaya zidd olmayan hissədə tətbiq edilir.

Pandemiya ilə əlaqədar bankların istehlak kreditlərinə dair riskləri yumşaldılır

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar bankların verdikləri istehlak kreditlərinə dair risklər mayın 1-dən gələn il yanvarın 1-dək yeni qaydada müəyyənləşəcək.

Bu, Mərkəzi Bankın İdarə Heyətinin təsdiqlədiyi “Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar kredit təşkilatlarının müvəqqəti tənzimləmə Qaydası”nda əksini tapıb.

Qərara əsasən, “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nın 9.3.8.2-ci, 9.3.8.3-cü, 9.3.9.1-ci, 9.3.9.2-ci, 9.3.10.1-ci yarımbəndləri və 9.4-cü  bəndi istehlak kreditləri üzrə risk qruplarına 01 yanvar 2021-ci il tarixinədək şamil edilməyəcək. 

Başqa sözlə, “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na əsasən, bankın balans aktivləri və balansdankənar öhdəlikləri növündən, xüsusiyyətindən, habelə öhdəliyin təminatından asılı olaraq müxtəlif risk dərəcələrinə aid edilir. BNG əmsalı borcun gəlirlərə nisbəti, istehlak kreditləri üzrə borcalanın aylıq borc yükünün onun gəlirlərinə nisbəti əmsalıdır. Birgə borcalan qrupuna daxil olan fiziki şəxslər üzrə isə onların ümumi aylıq borc yükünün onların ümumi gəlirlərinə nisbətidir.

“Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na əsasən, 150 faizli (1,5 əmsallı) risk qrupuna BGN əmsalı 45 faizdən yuxarı olan, lakin 60 faiz həddini keçməyən istehlak kreditləri (təminatı qismində milli və sərbəst dönərli xarici valyutada pul vəsaitləri çıxış edən və təminatının dəyəri təmin etdiyi öhdəliyin 100 faizindən az olmayan, habelə təminatı qismində daşınmaz əmlak və avtomobil nəqliyyatı vasitələri çıxış edən və təminatının dəyəri təmin etdiyi öhdəliyin 150  faizindən az olmayan istehlak kreditləri istisna olmaqla) və verilmə anında faiz dərəcəsi əvvəlki rübdə verilmiş istehlak kreditləri üzrə sektorun orta faiz dərəcəsi və onun üçdə birinin cəmindən böyük olan istehlak kreditləri daxildir (9.3.8.2 və 9.3.8.3).

180 faizli (1,8 əmsallı) risk qrupuna BGN əmsalı 60 (altmış) faizdən yuxarı olan, lakin 70 (yetmiş) faiz həddini keçməyən istehlak kreditləri (təminatı qismində milli və sərbəst dönərli xarici valyutada pul vəsaitləri çıxış edən və təminatının dəyəri təmin etdiyi öhdəliyin 100 (yüz) faizindən az olmayan, habelə təminatı qismində daşınmaz əmlak və avtomobil nəqliyyatı vasitələri çıxış edən və təminatının dəyəri təmin etdiyi öhdəliyin 150 (yüz əlli) faizindən az olmayan istehlak kreditləri istisna olmaqla) və verilmə anında faiz dərəcəsi əvvəlki rübdə verilmiş istehlak kreditləri üzrə sektorun orta faiz dərəcəsi və onun yarısının cəmindən böyük olan istehlak kreditləri daxil edilir (9.3.9.1 və 9.3.9.2).

200 faizli (2,0 əmsallı) risk qrupuna BGN əmsalı 70 (yetmiş) faizdən yuxarı olan istehlak kreditləri (təminatı qismində milli və sərbəst dönərli xarici valyutada pul vəsaitləri çıxış edən və təminatının dəyəri təmin etdiyi öhdəliyin 100 (yüz) faizindən az olmayan, habelə təminatı qismində daşınmaz əmlak və avtomobil nəqliyyatı vasitələri çıxış edən və təminatının dəyəri təmin etdiyi öhdəliyin 150 (yüz əlli) faizindən az olmayan istehlak kreditləri istisna olmaqla) daxildir (9.3.10.1.).

Ancaq istehlak kreditləri gələn il yanvarın 1-dən bu xüsusiyyətlərə görə risk qruplarına daxil edilməyəcək.

Eyni zamanda “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na əsasən, istehlak krediti bir neçə fərqli risk qrupunun şərtlərinə uyğun gəldiyi təqdirdə, kredit uyğun gəldiyi ən yüksək əmsallı risk qrupuna aid edilir. İstehlak kreditlərininin müddətindən və valyutasından asılı olaraq isə risk dərəcələri aşağıdakı qaydada artırılır:

- müddəti 3 il və ya daha çox və 5 il və ya daha az təşkil edən kreditlərin risk dərəcəsi 20 faiz bəndi artırılır;

- müddəti 5 ildən çox və 7 il və ya daha az təşkil edən kreditlərin risk dərəcəsi 40 faiz bəndi artırılır;

- xarici valyutada verilmiş istehlak kreditlərinin risk dərəcəsi 60 faiz bəndi artırılır.

Ancaq bu qaydada risk dərəcələrinin artırılması da 1 yanvar 2021-ci il tarixinədək istehlak kreditlərinə şamil olunmayacaq.

Azərbaycanda bankların dividend ödənişləri təxirə salınıb

Azərbaycanda bankların ötən illərin nəticəsi üzrə dividend ödənişləri 30 sentyabr 2020-ci il tarixinədək təxirə salınıb.

Bu qayda Mərkəzi Bankın (AMB-nin) İdarə Heyəti tərəfindən təsdiqlənib və bankların kapital mövqeyinin və maliyyə dayanıqlığının qorunması məqsədini daşıyır.

Qeyd edək ki, sözügedən qayda, AMB-nin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Tədbirlər Planı”nın icrası çərçivəsində təklif etdiyi əlavə dəstəkləyici tədbirlərə daxil idi.

.