“Jurnalistə vəsiqənin verilib-verilməməsinin onun tanınmış imza olub-olmaması ilə əlaqəsi yoxdur”.

Bunu Media Reyestri Xidmətinin rəhbəri Cahangir Həsənli canlı yayımda deyib.

MEDİA-nın Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva qeyd edib ki, fotomüxbirlər jurnalist anlayışı ilə əhatə olunduğu üçün onlar da reyestrdə qeydiyyatdan keçə bilərlər:

“Amma fotoqraflar jurnalist anlayışı ilə əhatə olunmadığı üçün reyestrə düşə bilməyəcəklər”.

Medianın İnkişafı Agentliyinin Hüquq xidmətinin rəhbəri Rəqsanə Kərimova isə müxtəlif media subyektləri ilə qonorar əsasında “Freelance” çalışan jurnalistlərin vəsiqə almağına aydınlıq gətirib:

“Media haqqında qanunda jurnalist anlayışı tamamilə əhatəli şəkildə qeyd olunub. Həm əmək müqaviləsi, həm də mülki müqavilə ilə çalışan şəxslər jurnalist hesab olunur. Qonorar əsasında fəaliyyət göstərən jurnalistlər özləri məlumat istehsal edən, hazırlayan və onun yayımlanması üçün media subyektinə müqavilə əsasında təqdim edən şəxsdir”.

TV və saytlarda çalışan texniki heyət Media Reyestrinə salınmayacaq

“Telekanallarda və ya saytlarda çalışan texniki heyət üzvlərinin Media Reyestrində qeydiyyatdan keçməsi nəzərdən tutulmayıb”.

Bunu MEDİA-nın Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva deyib.

O bildirib ki, “Media haqqında” qanunda texniki heyət jurnalist anlayışı ilə əhatə olunmayıb: “Ona görə də onlar Media Reyestrinə daxil ola bilməyəcək. Buna baxmayaraq, onların fəaliyyətində hər hansı məhdudiyyət olmayacaq”.

Medianın İnkişafı Agentliyinin Hüquq xidmətinin rəhbəri Rəqsanə Kərimova isə əlavə edib ki, Agentlik fəaliyyəti çərçivəsində texniki heyətin inkişafı üçün təlimlər həyata keçiriləcək.

.