Fevralın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsi, Masallı Rayon Gənclər və İdman idarəsi və Masallı Rayon Təhsil şöbəsinin  birgə təşkilatçılığı ilə Masallı şəhər Gənclər Mərkəzində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
İctimaiyyət nümayəndələri və məktəblilərin iştirak etdiyi tədbir Xocalı faciəsi qurbanlarının xatirəsinin yad edilməsi ilə başlanılıb.
Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosimo faciələri ilə eyni səviyyədə durur.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov "Xocalı- əsrin faciəsidir” adlı məruzəsində Xocalı faciəsindən, cinayətkar ermənilərin dinc əhaliyə qarşı törətdiyi vəhşiliklərdən danışaraq məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Xocalı soyqırımına hüquqi qiymət verilməsini və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Xocalı həqiqətlərinin dünyaya çatdırılması sahəsində apardığı genişmiqyaslı işləri vurğulayıb.
Masallı Rayon Təhsil şöbəsinin əməkdaşı Bəybala Xəlilov, Teymurbəy Bayraməlibəyov adına II Yeddioymaq kənd tam orta məktəbinin müəllimi Tural Əhmədov və başqaları Xocalı soyqırımı ilə bağlı fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər.
Tədbirdən sonra rayon məktəblilərinin iştirakı ilə Xocalı soyqırımının 25-ci il dönümünə həsr edilmiş rəsm, şeir və inşa müsabiqəsinin qalibləri mükafatlandırılıblar.

 

.